• 27 İyul 2024 04:44

Bonndakı İqlim Konfransında aksiya: “Hotelin üzərinə Qubad İbadoğlunun portreti asılıb”

Portretin üzərində “Qubada azadlıq” sözləri yazılıb.

 

İyunun 3-dən başlayaraq Bonnda keçirilən İqlim Konfransında polis nəzarətində olan iqtisadçı Qubad İbadoğluna dəstək nümayiş etdirilib.

Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova Meydan TV-yə danışıb.

 

Onun sözlərinə görə, Bonn İqlim Konfransı Dubayda keçirilən COP28 ilə Azərbaycanda keçiriləcək COP29 arasında həlledici orta nöqtə rolunu oynayır və onun nəticələri qlobal iqlim danışıqlarının növbəti mərhələsi üçün zəmin yaradır:

“İyunun 13-dək davam edən Konfransa UNFCCC-yə üzv olan ölkələrin hökumət və parlament nümayəndələri, şirkətlərin, beynəlxalq və yerli QHT-lərin, medianın nümayəndələri daxil olmaqla 6000-ə qədər iştirakçı qatılıb”.

 

Jalə Bayramova onu da deyib ki, “Beynəlxalq Qlobal Witness” təşkilatının təşəbbüsü ilə konfransın əsas iştirakçılarının yerləşdiyi “Marriott” hotelin binasında hazırda iki ağır maddə ilə ittiham olunaraq istintaq müddətində polis nəzarətində olan, London İqtisad Məktəbinin və Drezden Universitetinin professoru Qubad İbadoğlunun portreti yerləşdirilib:

“Şəkildə Qubada azadlıq sözləri yazılıb”.

 

Aprelin 22-də həbsdən buraxılmış iqtisadçı Qubad İbadoğlu haqqında ev dustaqlığı qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəzlənib.

Eyni zamanda onunla bağlı cinayət işi üzrə istintaqın müddəti də daha 3 ay – avqustun 20-nə qədər artırılıb.

 

London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin əməkdaşı olan professor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

 

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

 

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

O, həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

 

Qubad İbadoğlu həm də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri idi.

O, həbsdən buraxılandan təxminən 20 gün sonra – mayın 14-də partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

 

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Tacxeber.com

Oxşar xəbərlər