“Hər dəfə qapı döyüləndə elə bilirəm gələn oğlumdur…” – Şəhid anası
Torpaq uğrunda ölən varsa Vətəndir!
Bəli, məhz belə deyib ulularımız. Neçə illərdi, qərinələrdi, əsrlərdi belədir. İgidlər yurdu yaşatmaq üçün can verir. Vətən torpağı öz igid övladlarının canı, qanı bahasına var olur, dirçəlir, əbədiləşir.
Bu igidlərdən biri də Rəşad Təhməzovdur. Həyatdan kam almayan, arzuları çiçək açmayan Rəşad…
Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil alıb. ır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
18 yaşlı şəhidimizin anasə Güləbətin Təhməzova 3 il əvvəl evlərində qonaq olan APA-nın müxbiri ilə söhbətində deyib ki, hər qapı döyüləndə elə bilirəm gələn Rəşaddır.
Ana oğlunun şəhid olduğuna hələ də inana bilmir: “Bir il ərzində mən onu görə bilmədim. Ona görə, hələ də inana bilmirəm ki, mənim balam şəhid olub. Elə bilirəm gələcək. Mən arzu edirdim ki, əsgərlikdən gələndə əllərindən, ayaqlarından öpəcəm. Amma balam şəhid oldu. Onu Tanrı nurdan yaratmışdı, nura da qərq elədi”.
Rəşad Təhməzov sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm”, – deyib.
Atası Qərib kişi bildirir ki, hər gün Rəşaddan zəng gözləsək də amma bir daha oğlum zəng vurmadı: “Bir o məlumatımız var ki, Rəşadın yanında əsgər yoldaşları olub yaralananda, yarasını bağlayıb, üzünə su vurublar. Aparıblar hospitala, amma ora çatana kimi şəhid olub. Ciyərindən bir qəlpə yarası almışdı”.
Sentyabrın 30-u hər kəs üçün adi günlərdən olsa da, Güləbətin ana üçün fərqli başlamışdı. Deyir ana ürəyi hissiyyatlı olar, səhəri diri gözlə açan ana, elə hey Rəşaddan mənə xəbər verin deyərək yaxınlarının üstünə qaçıb: “Həmin gün o qədər narahat oldum. Dedim bu dəqiqə öləcəm. Rəşada nə isə olub, hiss edirəm. Qonşular dedi narahat olma, heç nə yoxdur. Əsgərdir nə olasıdır ki. Mən müharibənin başladığından da xəbərsiz idim. Üç nəfər gəldi qapıya, dedilər Qərib qəzaya düşüb, yığışın gedirik rayona. Mən ora çatana kimi bilmədim ki, Rəşad şəhid olub. Amma həyətdə dedim onlara ki, birdən Rəşada nəsə olar haa. Dedilər narahat olma atası qəzaya düşüb. Kəndə çatanda gördüm balamdı şəhid olan”.
9 ay əsgərlik dövründə hər dəfə ailəsi Rəşaddan hərbi formalı şəkillərini istəyəndə deyirmiş ki, “hələ qarşıda uzun yolum var bir gün çəkdirib göndərəcəm, səbrli olun”. Amma nəşi şəkillərindən əvvəl gəldi Rəşadın…
…Orada, Qobustanda bir şəhid məzarı var. O məzarda Rəşad Təhməzov uyuyur. İndi bütün şəhidlərimiz kimi Rəşadın da ruhu şaddır. Axı Vətən torpağı işğaldan azad olunub. Axı Rəşad kimi igidlərin sayəsində üçrəngli bayrağımız, Xankəndidə, Şuşada, Xocalıda, bütün Qarabağda dalğalanır.
Rahat uyu, şəhid bala! Bu xalq sizi heç vaxt unutmayacaq. Dünya durduqca siz də yaşayacaqsınız.
Ruhumzuda, qəlbimzidə, ürəyimzidə yaşayacaqsınız…