Məlum olduğu kimi, İslandiyada keçirilən sonuncu seçkilərin nəticəsinə əsasən, ölkənin yeni prezidenti qadın olub.
Tacxeber.com İsveçin SVT telekanalına istinadən xəbər verir ki, İslandiya vətəndaşları yeni prezidentin həyat yoldaşına necə müraciət edəcəklərini bilmirlər.
Bildirilir ki, daha əvvəl İslandiyada kişilər prezident olub və onların həyat yoldaşlarına “Birinci xanım” deyə müraciət edilib.
Lakin, ilk dəfə olaraq İslandiyada həyat yoldaşı olan bir qadın prezident seçilib.
Qeyd edək ki, 1996-cı ildən əvvəl İslandiyaya qadın prezident – Vigdis Finnbogadottir rəhbərlik etsə də, onun həyat yoldaşı olmadığı üçün vətəndaşların müraciətlə bağlı hər hansı bir “problemi” olmayıb.
Mətbuatda yer alan xəbərlərə görə, ölkənin ictimai televiziyası prezidentin həyat yoldaşına necə müraciət ediləcəyi ilə bağlı bir neçə nümunə hazırlayıb və səsvermə ilə müsabiqə elan edib. Eyni zamanda küçədə insanlar arasında sorğu keçirib. Bundan başqa süni intellektlə də məsləhətləşmələr aparılıb. Ancaq indiyə qədər heç bir məqbul variant tapılmayıb.
Xatırladaq ki, iyunun 2-də İslandiyada keçirilən prezident seçkilərində sahibkar Halla Tomasdottir 34,3% səs toplayaraq qalib gəlib. İslandiya prezidenti birbaşa gizli səsvermə yolu ilə seçilir, seçkilər bir turda keçirilir. 35 yaşına çatmış respublika vətəndaşı dövlət başçısı ola bilər. Namizədlər siyasi partiyalar tərəfindən və ya özünün namizədliyi yolu ilə irəli sürülə bilər. Bunun üçün onlar 1,5 mindən 3 minə qədər imza toplamalıdırlar. 18 yaşına çatmış və ölkədə daimi yaşayan İslandiya vətəndaşları səsvermə hüququna malikdirlər. Hazırda İslandiyada 250 mindən çox seçicinin olduğu bildirilir. İslandiyanın ümumi əhalisi isə təxminən 380 min nəfərdir.