• 24 Noyabr 2024 02:18

Prokurorluqdan Əkrəm Əylisliyə gələn zəng: 8 il sonra nə dedilər?

“Şərlənib cəzalandırılan adamların işi həmişə uzun çəkir. Çünki şərləniblər, ortada heç bir əsas, fakt yoxdur…” 

 

Bu sözləri Yenisabah.az-a qocaman yazıçı Əkrəm Əylisli deyib. Bir müddət öncə 8 il əvvəl ona qarşı açılan cinayət işinə xitam verilməsi xahişi ilə Baş prokuror Kamran Əliyevə açıq məktubla müraciət edənyazıçı ona şifahi şəkildə cavab verildiyini bildirib:

“Baş prokurora rəsmi şəkildə müraciət etdikdən sonra onlar mənimlə şifahi formada, telefonla əlaqə yaradaraq dedilər ki, narahat olmayın, məsələ müsbət həll olunacaq. Mən də dedim ki, məsələyə xitam verilib-verilmədiyi ilə bağlı rəsmi sənəd göndərin. Həmin rəsmi sənəd hələ ki, gəlməyib və mən onu gözləyirəm. Əgər məsələyə müsbət cavab gəlsə, bu barədə açıqlama verəcəyəm.

Ümumiyyətlə, şərlənib cəzalandırılan adamların işi həmişə uzun çəkir. Çünki şərləniblər, ortada heç bir əsas, fakt yoxdur.

 

Mənə açılan cinayət işində deyilir ki, mən hava limanında sərhəd xidməti əməkdaşını vurmuşam. Mən guya 30 yaşlı cavan oğlanı vurmuşam. Bu iddia özü də gülüncdür. Heç olmasa, desəydilər ki, Əkrəm Əylislinin çantasından partlayıcı maddə tapmışıq, yaxud sərhəddən dini kitablar keçirmək istəyirdi, bunlara bəlkə 3-4 nəfər inanardı. Elə bir şey fikirləşiblər buna inanmaq da mümükün deyil”.

 

Ə.Əylisli prokurorluğun qısa zamanda onun işinə xitam verəcəyinə ümid etdiyini deyib:

“Kimisə şərləmək məsələsini yığışdırmaq lazımdır. Çünki bu, ölkənin hüquq-mühafizə orqanlarını gözdən salır. İnsanlar prokurorluğa və ya məhkəmə sisteminə inanmayanda hakimiyyətə də inamları azalır, vətəndaşlar gərək bu dairələrə inansın. Hakimiyyət özü bu məsələnin qayğısına qalmalıdır.

Bizim Əylisdə şərləmək sözünə həm də şeytanlamaq deyirdilər. Kimsə şərlənəndə deyirdilər ki, filankəs filankəsi şeytanladı. Həmin şəxsin adını kənddə şeytan qoyurdular və uzun illər bu hadisə heç kəsin yadından çıxmırdı. Amma bu gün belə məsələlər məmləkətdə psixoloji ab-havanı korlayır. Kimisə şərləyib incitmək heç kəsə sərf etmir, milli – mənəvi varlığımızı yox edir. Milli, mənəvi varlığımıza bundan böyük zərbə ola bilməz.

Mən də 8 ildir gözləyirəm, ümid edirəm ki, qısa zamanda prokurorluq mənə rəsmi şəkildə cavab verəcək”.

 

Xatırladaq ki, 2016-cı ilin martında Əkrəm Əylislinin Venesiyada keçirilən Beynəlxalq Yazıçılar Forumuna getməsinə icazə verilməyib və ona qarşı gömrük əməkdaşına qarşı zorakılıq ittihamı ilə cinayət işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər