• 14 İyul 2024 04:49

Keçmiş deputatın oğlu kredit borcunu ödəmir?

Keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribova məxsus “Elz-Line LTD” MMC ilə “Debüt” Kommersiya Bankı arasında məhkəmə çəkişməsi davam edir.

 

Tacxeber.com Qaynarinfo-nun məlumatına istinadən xəbər verir ki, Rəşad Qəribov birinci məhkəmə instansiyasında uduzub. O, qərardan apellyasiya şikayəti verib.

 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Vüsalə Baxışova iş üzrə hakim təyin edilib.

 

“Debüt” Kommersiya Bankı kredit müqaviləsinə dair mübahisələrə görə Bakı Kommersiya Məhkəməsində “Elz-Line LTD” MMC-yə qarşı iddia qaldırmışdı. İddiaçılardan biri də Əmanətlərin Sığortalanması Fondu idi.

 

Fondun bu işdə iddiaçı kimi çıxış etməsi təsadüfi deyil. Məsələ burasındadır ki, “Debüt” Kommersiya Bankı vaxtilə Fərhad Qəribova məxsus olub. 2024-cü ildən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev banka rəhbərlik etməyə başlayıb. Bu fakt bankın Fərhad Qəribovun nəzarətindən çıxması kimi izah edilir.

 

Beləliklə, Fərhad Qəribov “Debüt”ü əldən verdikdən sonra ləğv prosesində olan bank problemli kreditlərlə bağlı hərəkətə keçib.

 

İddialara görə, ilk addım daha böyük məbləğli kreditlərlə bağlı atılır ki, bu sırada Rəşad Qəribovun şirkəti ön sıralarda gəlir.

 

Fərhad Qəribov üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamanetdə 57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanıb.

 

Rəşad Qəribov vaxtilə “Debüt” Kommersiya Bankının Müşahidə Şurasının sədri olub. O, 2020-ci il parlament seçkilərində 57 saylı Kürdəmir seçki dairəsindən namizəd olsa da, uğur qazana bilməyib. Hazırda həmin dairəni parlamentdə Əminə Ağazadə təmsil edir.

Tacxeber.com

Oxşar xəbərlər