• 24 Noyabr 2024 00:11

1000 zəvvar öldü: Allah onları niyə qorumadı?

Bəzi iradlarda həqiqət var. Mövcud olan tərcümələrdə ora daxil olanın əmin-amanlıqda olduğu deyilir. Bu baxımdan iradlar doğrudur ki, niyə orada adamlar ölür? Ali-İmran, 97: “Ora daxil olan şəxs əmin-amanlıqdadır, təhlükədən kənardır”.

 

Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri şiddətli istilər səbəbindən Həcc ziyarəti zamanı mindən çox zəvvarın öldüyü ətrafında gedən müzakirələr haqda deyib.

 

“Amma burada incə bir məqam var. Bu gün Kəbə, Həcc anlayışı tamamilə mahiyyətindən uzaqlaşdırılıb. Gedib Kəbənin ətrafında fırlanmaqla heç bir xüsusi imtiyaz qazanmırlar. Yaxud da gedib hansısa Məqami-İbrahim deyilən, “ayaq izi”nin arxasında iki rükət namaz qılmaqla onların dərəcələri, səviyyələri yüksəlmir. Həcc – beynəlxaq konqresdir. Əslində, dünyanın problemlərinin həlli üçün əsrlər əvvəl buyurulmuş Birləşmiş Millətlər Təşkilatıdır. Həmin o təşkilat da nə etməlidir? Bu gün zülmə məruz qalanların xilasi üçün, sülh üçün fəaliyyət göstərməli olan bir qurum olmalıdır, bunu Allah bizə belə buyurub. Amma pul verib, gedib Quranda olmayan şeytandaşlama, Minada gecələmə, Ərəfatda qalma, dua etmə “ayini” keçirmə yanlışdır. Guya ki, orada dualar tez qəbul edilir, yəni başqa yerdə ediləndə o cür olmur. Bunlar rəvayətlər, yanlış bilgilərdir. Kəbənin özü fırlanmaq üçün deyil, ora zülmə məruz qalan insanların məsələlərinin həll olunması üçündür. Minada milyonlarla insanın qalması üçün çadırlar var. Məsələn, bu gün qaçqın statusunda olan, ölkəsindən didərgin düşən insanların yığılmalı olduğu yerdir. Ora daxil olan şəxs əmin-amanlıqda deyil, ora girən adam əmin-amanlıqla daxil olmalıdır. Təhlükəsizlik təmin olunmalıdır. Yoxsa, ora girənə heç nə olmayacaq, başına heç nə gəlməyəcək, ölməyəcək kimi absurd yanaşma doğru deyil”, – o bildirib.

 

Qeyd edək ki, Həcc ziyarəti zamanı mindən çox zəvvarın şiddətli istilərdən ölməsi səbəbindən bəzi ateistlər dini ehkamlara qarşı iddialar səsləndirirlər.

Tacxeber.com

Oxşar xəbərlər