Bakıda gecəyarısı söküntü qalmaqalı: Evindən döyülərək çıxarılan qadın DANIŞDI -VİDEO
Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işləri zamanı yaranan qalmaqalın bəzi detalları məlum olub.
Ev sahibi Afət Quliyevanın sözlərinə görə, “İbrahim Q” MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb:
“Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb”.
Qonşular bildiriblər ki, altı il ərzində həmin evin qazı, işığı və suyu müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən kəsilirmiş.
Məsələ ilə bağlı “İbrahim Q” MTK-nın vəkili Yavər Yavərzadə bildirib ki, şirkət ev sahibəsi ilə ortaq məxrəcə gəlməyə çalışsa da, Afət Quliyevanın sərhədsiz tələblərinə görə bu baş tutmayıb:
“Həmin sakin 13,5 kvadratmetr sahədən ibarət mənzilin əvəzinə şirkətdən fantastik rəqəmlər tələb etdiyinə görə onunla indiyədək razılıq əldə olunmayıb. Şirkət yeni tikiləcək binada 50 kvadratmetr ölçüdə mənzil təklif edir və o zamanadək kirayə və təmir pulu tərəfimizdən təqdim olunur. Bununla razılaşmayacağı təqdirdə sahib olduğu sahənin əvəzinə bazar dəyərindən qat-qat artıq kompensasiya da təklif olunub. Bütün bunlara baxmayaraq həmin sakinlə razılıq əldə edə bilmirik. Üç ilə yaxındır ki, digər sakinlər kirayə yaşayırlar və bir nəfərin köçməməsi səbəbindən binanın inşasına başlaya bilmirik”.