29 iyun 1973-cü il, Çilidə hərbi çevrilişə cəhd edilir.
Auqusto Pinoçet (solda) və Salvador Alyende
1970-ci ildə prezident seçilən Salvador Alyendenin solçu tədbriləri Çili cəmiyyətini iki qütbə böldü. Əleyhdarları sırasına getdikcə daha çox hərbçi qoşulurdu. Baş verən üsyan da bunun təzahürü idi.
Paytaxt Santyaqoda yerləşən 2-ci tank alayının komandiri, özünün sağçı görüşləri ilə tanınan polkovnik-leytenant Roberto Super özünün tezliklə bu vəzifədən uzaqlaşdırılacağını öyrəndikdə üsyan qaldırmağı qərara aldı. O, iyunun 29-da səhər tezdən 16 zirehli texnika ilə La-Moneda prezident sarayını mühasirəyə aldı.
Amma Alyende həmin vaxt sarayda deyildi. Bu, ona müqaviməti təşkil etmək imkanı verdi. Silahlı qüvvələrin baş komandanı Karlos Prats da hökumətə sadiq idi. Üstəlik, quru qoşunlarının komandanı Auqusto Pinoçet prezidenti müdafiə etmək üçün hərbi hissələrlə La-Moneda ətrafına gəldi. Nəticədə Tanketaso (tank üsyanı) adını alan üsyan yatırıldı.
Hadisədən bir qədər sonra, avqustun 22-də Karlos Prats burada yazılması uzun sürəcək səbəblərdən hərbi qüvvələrin baş komandanı vəzifəsindən istefa verdi. Salvador Alyende generalın varisi üzərində çox düşünmədi. Tanketaso zamanı özünün hökumətə loyallığını sübut etmiş Auqusto Pinoçet yeni baş komandan təyin olundu.
Cəmi 20 gün sonra, sentyabrın 11-də Pinoçet bu dəfə uğurlu hərbi çevriliş etdi, Alyende qiyamçıların əlinə keçmək istəməyərək özünü güllələdi. Çilidə 16 il sürəcək Pinoçet xuntası quruldu.