“Hazırda Rusiyada yaşayanlar ya qorxub susanlar, ya da rejimin gerçək qullarıdır” – Aleksandr Nevzorov
“Seçim çox sadədir: ya rejimin dediyi ilə razılaşıb yaşamalısan, ya da azadlığını qoruyub saxlamalısan, azadlıq isə çox baha başa gəlir…”
Tanınmış rusiyalı jurnalist və həyat yoldaşı “ekstremist birlik” kimi tanınıb.
Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi prokurorluğun iddiası üzrə jurnalist Aleksandr Nevzorovu və onun həyat yoldaşı Lidiyanı “ekstremist birlik” elan edib və onların Rusiya Federasiyasında fəaliyyətini qadağan edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “tass.ru” agentliyi məlumat yayıb.
Bundan başqa, hüquqşünas Aleksey Pryanişnikovun deməsinə görə, məhkəmə Nevzorovların Rusiyadakı əmlakını-üç torpaq sahəsi, yaşayış evi, avtomobili və MMC-dəki paylarını dövlətin xeyrinə müsadirə edib.
“Yalnız anasına məxsus olan yaşayış evi və torpaq sahəsi müsadirə edilməyib”, – hüquqşünas izah edib. Pryanişnikovun sözlərinə görə, prokurorluq bu evin də müsadirə edilməsini tələb edib.
Rusiyada ailənin “ekstremist birlik” kimi tanınması ilk dəfədir ki, baş verir. Hüquqşünasın fikrincə, bu, sonuncu da deyil.
“Ehtimal ki, Nevzorovlar ilk qaranquşlardır. Onlar üzərində mexanizm işlənib hazırlanacaq və dövriyyəyə buraxılacaq”, – o, bu ilin may ayında prokurorluğun məhkəmə iddiasından sonra deyib.
Nevzorov deyib ki, onu Rusiyada qalan əmlakı narahat etmir, özü isə bu ölkə ilə heç bir əlaqədə olmaq istəmir.
Nevzorov məhkəmənin qərarını belə şərh edib. “Azadlığın çox baha başa gəlir. Maddi olaraq məni hələ də Rusiya ilə bağlayan nə varsa, “dövlətin xeyrinə müsadirə edilib”. Bununla belə, mən Rusiyanın xəyanət etdiyi və məndən oğurladığı birinci adam deyiləm, sonuncu da deyiləm”, – Nevzorov özünün “Telegram-kanal”ında yazıb.