• 23 Noyabr 2024 00:25

Qohumlara vəzifə vermək də qadağan olunsun!

Uşaqlar təkcə qohum evliliklərinə görə xəstə doğulmur. Bu ölkədə minlərlə, bəlkə də yüz minlərlə gənc ana var ki, 9 ay davam edən hamiləlik dövründə bir dəfə belə həkim müayinəsindən keçə bilmir. Azərbaycanda pulu olmayan adamı nəinki xəstəxananın, heç ictimai tualetin qapısından da içəri buraxmırlar…

 

Sağlam uşaq doğmaq üçün ilk növbədə sağlam həyat tərzi keçirmək, sağlam qidalanmaq lazımdır. Geni dəyişdirilmiş məhsullarla qarnını doyuran, palma yağlarının ümidinə qalan ana Qoç Koroğlu, Qaçaq Nəbi doğa bilməz. İnanmırsınız, Rəşid müəllimdən soruşun…

 

Yanlış anlamayın: Mən heç də qohum evliklərinə qadağa qoyulmasına qarşı deyiləm. Düzdür, sevgi azaddır, insan dayısı qızın da, əmisi oğlun da sevə bilər. Bunun qarşısına sədd çəkmək azad sevgini buxovlamaqdır. Amma bu başqa söhbətin mövzusudur, oxuyacağınıza əmin olsam, bir dəfə də bu barədə yazaram…

 

Mən əvvəldən tayfabazlığın, yerlibazlığın, qohumbazlığın əleyhinə olmuşam. Ola bilsin ki, iqtidarımız da mənim kimi düşündüyü üçün bu cür neqativ hallarla mübarizəyə başlayıb. Amma bu mübarizə qohum evliliklərini qadağan etməklə yekunlaşmamalıdır. Effektiv nəticəyə nail olmaq üçün bir neçə təklifim var:

 

– Nazirlərin rəhbərlik etdikləri qurumlarda qudalarını “yağlı” vəzifələrə təyin etməsi də qadağan olunsun;

 

– Komitə sədrlərinin, idarə və müəssisə rəhbərlərinin maliyə, tikinti, təsərrüfat kimi “çörəkli” şöbələrə öz qardaşı, bacısı uşaqlarını təyin etməsinə icazə verilməsin;

 

– Deputatların uşaqlarını vergi, gömrük, bank kimi pullu sektorlarda işə düzəltmək üçün vəzifəli şəxslərə minnətçi düşməsi yasaqlansın;

 

– Məmurlara dövlət qulluğuna qəbul imtahanından 86 bal yığan, kasıb, arxasız gəncləri kəsib özlərinin tramvayın altında qalmış “3”lə ali məktəbi bitirən qohumlarını işə götürməsi qanunla qadağan edilsin;

 

Bir ananın qarnından çıxan Fatmanisə ilə Gülnisənin uşaqlarını “baş-göz” etməsinə qadağa qoymağı nənəm də bacarar. Hünəriniz var məmurların qohum-əqrabasına vəzifə verməsini qadağan edin!

Seymur VERDİZADƏ

Tacxeber.com

Oxşar xəbərlər