• 17 Sentyabr 2024 00:05

İranda yeni prezident: Azərbaycana münasibət dəyişəcəkmi?

 

Yeni hökumət Tehranla Bakı arasında münasibətləri inkişaf etdirməyə davam edəcək.

 

Tacxeber.com Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Azərrbaycandakı keçmiş səfiri Abbas Musəvi deyib.

 

Onun sözlərinə görə, İslam Respublikası həmişə Qafqaz regionuna xüsusi önəm verib:

 

“Amma İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqları üzə çıxaran bir hadisə baş verdi və regionun geosiyasəti dəyişdi. Azərbaycan Respublikası işğal altında olan torpaqlarının təxminən 20 faizini azad edə bildi. Bu torpaqların işğalı qonşu dövlətlər, xüsusilə də İslam Respublikasında heç vaxt qəbul edilməyib.

 

Azərbaycan təxminən 30 il sonra bu problemin öhdəsindən gəldi və 44 günlük müharibədə bu torpaqların bir hissəsini atəşkəs razılaşması ilə geri ala bildi. Bu, böyük hadisə idi və Qafqaz regionunun geosiyasətinə böyük təsir göstərdi”.

 

Diplomat vurğulayıb ki, İran Qafqazın qonşuluğunda yerləşir və bu regionla mədəni-sivilizasiya ortaqlığına malikdir. Buna görə də Cənubi Qafqazda baş verən proseslər ölkəmizin milli təhlükəsizliyi və ərazi bütövlüyü üçün mühüm əhəmiyyət kəsb edir. Biz bu regionun yeni aktorlarını və geosiyasi əhəmiyyətini diqqətlə araşdırmalıyıq.

 

Cənubi Qafqaz regional və qeyri-regional güclərin diqqətini cəlb edən regiondur. Bu bölgə təhlükəsizliyimizin arxa həyətidir və buna çox ciddi yanaşırıq. Həm biz, həm də bölgədəki rəqiblərimiz olan Türkiyə və Rusiya kimi ölkələr regionda öz maraqlarını müəyyən etmişik.

 

Odur ki, İslam Respublikası, xüsusilə 13-cü hökumət (İbrahim Rəisi administrasiyası – red.) dövründə bu bölgəyə xüsusi diqqət yetirmiş və bölgənin xüsusiyyətlərinə görə bu maraq yeni hökumətdə də davam etməlidir. Çalışmalıyıq ki, regionda bu ölkələr arasında qarşılıqlı əlaqəni artırmaq üçün güclü və təhlükəsiz region quraq.

 

Cənubi Qafqaz Azərbaycan, Ermənistan və Gürcüstan kimi üç ölkəni və bunda həmişə rol oynayan üç böyük qonşu dövləti əhatə edir. İran, Rusiya və Türkiyənin bu bölgədə maraqları var ki, onlar barədə müzakirə apareılmalıdır. Təbii ki, bu danışıqlar region ölkələrinin şəxsi iştirakı ilə, regiondankənar güclərin müdaxiləsi olmadan aparılmalıdır. Çünki vaxtaşırı fransızlar, avropalılar, NATO və amerikalılar bu bölgəyə müdaxilə etməyə çalışırlar. Buna imkan vermədən region ölkələri arasında əlaqələr artırılmalıdır.

 

Beləliklə, daha yaxşı nəticələr əldə etmək mümkündür. Ən yaxşı düstur üç Qafqaz ölkəsini və Qafqazın üç böyük qonşu dövlətini özündə birləşdirən 3+3 düsturudur”.

 

Abbas Musəvi Azərbaycan-İran münasibətlərinin gələcəyindən də danışıb:

 

“Hər 15 qonşu ölkə bizim üçün önəmlidir. Kiçik Bəhreyn ölkəsindən tutmuş Rusiyaya qədər hamısı önəmlidir. Bizim Azərbaycanla 800 kilometr ümumi sərhədimiz var. Dil, din, mədəniyyət, tarix baxımından da ortaq bağlarımız var.

 

Təbii olaraq müəyyən problemlər, fikir ayrılıqları var, amma məsələn, Azərbaycanla sərhəd problemimiz yoxdur. Azərbaycan səfirliyində baş verən xoşagəlməz hadisədən sonra münasibətlər gərginləşib və səfirlik təxliyə edilib. Ancaq bir ildən sonra hər şey sona çatıb. Şəhid Rəisi və İlham Əliyev sərhəddə görüşüb və iki lider çox müsbət mesajlar veriblər.

 

Yaxın gələcəkdə Azərbaycan səfirliyinin yenidən açılmasının şahidi olacağıq, vəzifəyə gələn yeni hökumət həm qonşuluq siyasəti formasında, həm də xüsusilə bu ölkənin geosiyasi əhəmiyyətinə görə Tehranla Bakı arasında münasibətləri inkişaf etdirməyə davam edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər