• 20 Sentyabr 2024 20:40

Bu gün İranda prezident seçkisinin ikinci turudur

Məsud Pezeşkian və Səid Cəlili

 

İyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir.

 

İyunun 28-də birinci turun qalibləri ultra-mühafizəkar Səid Cəlili və islahatçı deputat, etnik azərbaycanlı Məsud Pezeşkian olublar.

Birinci tura seçicilərin cəmi 40 faizi gedib ki, bu rekord aşağı göstərici ölkənin dini isteblişmentinin narahatlığına səbəb olub.

 

Ali dini lider Əli Xamenei iyulun 3-də etiraf edib ki, seçici fəallığı gözlənilən kimi olmayıb, ancaq o, seçici marağının olmamasının İran rəhbərliyinin qeyri-populyarlığını göstərdiyini danıb, səsverməni “çox vacib” adlandırıb.

“İslamı və islam respublikasını, ölkənin inkişafını sevənlər bunu seçkidə iştirakla göstərməlidirlər”, – 85 yaşlı Xamenei söyləyib.

 

Boykot çağırışları

Rejimin sərt tənqidçiləri ikinci turun boykotuna çağırsalar da, bu çağırışların nə qədər geniş yayıldığı, iranlıların onlara əhəmiyyət verib-vermədiyi bəlli deyil.

İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar.

 

Bu seçki Xameneinin yaşı baxımından əhəmiyyətlidir. Seçkinin qalibinin növbəti ali dini liderin seçimində potensial rolu ola bilər.

Rəsmi nəticələrə görə, Pezeşkian birinci turda səslərin 42.5, Cəlili isə 38.6 faizini yığıb.

 

Digər iki namizəd — parlamentin spikeri Məhəmməd Bağer Qalibaf və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi 14 faizdən çox səs yığa bilməyib.

Tənqidçilər və dissidentlər əvvəlki seçkilər dəyişikliyə səbəb olmadığı üçün bu səsverməni boykot etməyə çağırırlar.

 

2020-ci ildən bəri İranda seçkilərdə seçici fəallığı azalıb. Bunu səbəbləri sırasında azadlıqların olmaması, ABŞ və digər sanksiyaların iqtisadiyyata mənfi təsiri göstərilir.

 

Rəisinin ölümündən sonra

İnsan haqları qrupları iddia edirlər ki, ultramühafizəkar prezident İbrahim Rəisi mayda Azərbaycandan qayıdarkən helikopter qəzasından öləndən sonra sosial mediadakı tənqidi səslərə təzyiqlər güclənib.

Qərbin qatı tənqidçisi olan Rəisi Xameneinin mümkün varisi sayılırdı.

 

Mənbə: Azardlıq Radiosu

Tacxeber.com

Oxşar xəbərlər