Hamı o qadını lənətləyir, amma…” – Mehriban Zeynalova
Xəbər verdiyimiz kimi, ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət apararkən yeni doğulmuş körpə (oğlan uşağı) aşkar ediblər. Körpənin parkda tərk edilməsi hiddətə cəbəb olub və sosial şəbəkələrdə geniş müzakirə edilib.
Baş vermiş hadisəylə bağlı Bakupost.az -a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova əksər vaxt belə halları aldadılmış gənc qızlar tərəfindən törədildiyini bildirib.
Onun sözlərinə görə, oğlan qızla evlənəcəyini vəd edir, daha sonra isə məsuliyyətdən yaxasını kənara çəkir:
“Qızla yaxınlıq etmək üçün evlənmək vədi verə bilərlər. Yaxud da qız heç bir öhdəlik olmadan münasibətdə olduqda arzuolunmayan hamiləliklə üzləşir. Sonra isə bu barədə heç kimə deyə bilmir. Vaxtı gecikdirir, yaxud da abort üçün pulu olmur, qohumlardan çəkinir. Uşaq doğulandan sonra da onu tərk edir”.
M.Zeynalova cütlüklərin münasibətdə olarkən təhlükəsizlik tədbirləri görmədiklərini və sonda hər şeyin gec olduğunu bildirib. O, belı halların qarşısının alınması üçün məlumatlandırmaya və qaynar xətlərin televiziyalarda yayımlanmasına ehtiyac olduğunu deyib:
“Bilirəm ki, indi hamı o qadını lənətləyir. Çünki bizim üçün bu sıradan bir hadisə deyil. Canlı, köməksiz olan bir körpəni küçəyə atmaq cinayətdir. Bəzi hallarda insanlar hadisələrin dərinliyini bilmədən ola bilər ki, haqlı olurlar. Lakin bəlkə o qadın vaxtında kimdənsə kömək istəyib, amma kömək edən olmayıb. Bəzən bu barədə də düşünməliyik”.