• 14 İyul 2024 05:14

Rusiyanın Voronej vilayətinə PUA hücumu nəticəsində döyüş sursatları anbarında yanğın baş verib

“Sahəsi 9 min kv metr olan anbarda raketlər, mərmilər və başqa döyüş sursatları olub…”

 

Bazar gününə keçən gecə Rusiyanın Voronej vilayətinin Podqorensk rayonuna Ukrayna PUA-ları ilə “partlayıcı əşyalar” olan anbara hücum edilib. Məlumatda deyilir ki, söhbət döyüş sursatları olan anbardan gedir.

 

Bu barədə “svoboda.org” nəşri məlumat yayıb.

Vilayət qubernatoru Aleksandr Qusev bəyan edib ki, dronlar HHM vasitələri ilə vurulub, onların qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb.

 

Qusevin sözlərinə görə, “partlayıcı obyektlərin” detonasiyası başlayıb, zərərçəkən olmayıb. Təcili xidmətlər və hərbçilər yanğını söndürməyə cəhd edir.

Moskva vaxtı ilə səhər saat 10 radələrində Qusev məlumat verib ki, yanğın baş verən anbarın yerləşdiyi yaşayış məntəqəsində fövqəladə rejim tətbiq edilib.

 

Partlayışların birinin nəticəsində təsərrüfat tikilisi yanıb. Yaşayış məntəqəsindən keçən avtomobil yolunun bir hissəsi bağlanıb. Hakimiyyət orqanları ətraf yerlərdən insanların təxliyəsinə başlayıb.

Sonradan Qusev dəqiqləşdirib ki, müvəqqəti yerləşdirmə məntəqəsinə üç yaşayış məntəqəsindən 50 nəfər köçürülüb. Təxliyə edilənlərdən bəziləri qohumlarıgildə qalmağa üstünlük verib. İki nəfər yaşlı qadın xəstəxanaya yerləşdirilib.

 

Qubernator yanan anbarın olduğu yaşayış məntəqəsinin adını açıqlamayıb. Lakin Ukrayna KİV-ləri Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən iddia edir ki, bu, Podqorensk rayonunun Sergeyevka kəndidir və sahəsi təxminən 9 min kv metr olan hərbi anbarda “torpaq-torpaq” və “torpaq-hava” sinfindən olan raketlər, tank və artilleriya üçün mərmilər və odlu silah üçün patronlar olan yeşiklər saxlanılır. Bu məlumat nə Rusiya, nə də Ukrayna tərəfindən rəsmən təsdiq edilməyib.

 

Rusiya Müdafiə Nazirliyinin səhər məlumatında Voronej vilayətinə PUA-lar hücumu barədə xatırlanmır. Orada yalnız Belqorod vilayətində bir dronun vurulmasından danışılır.

Rusiyanın Ukrayna ilə həmsərhəd regionları son aylar hər gün atəşlərə və dron hücumlarına məruz qalır.

 

Rusiya komandanlığı buna görə Ukrayna Silahlı Qüvvələrini ittiham edir. Ukrayna komandanlığı bir qayda olaraq atəşləri şərh etmir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər