• 14 İyul 2024 04:58

Astarı üzündən baha başa gələn “Trendyol” : Qiymətlər kəskin ARTIB

 

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan “Trendyol”un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar olunur. Hətta bir neçə geyimin çatdırılmasına 40 manat pul verildiyi bildirilir. Qeyd edilir ki, çatdırılma xidmətinin qiyməti geyimlərdən daha çoxdur.

 

Bəs görəsən, qiymətlərin bahalaşması nə ilə əlaqəlidir?

 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, iqtisadiyyatda hər hansı bir məhsulun yekun qiymətinin formalaşdırılması üçün onu əmələ gətirən xərclər önəmli faktorlardan biridir:

“Əgər məhsulu əmələ gətirən, onun realizə olunmasında çəkilən xərclər yüksəkdirsə, həmin məhsulun yekun qiymətində də həqiqətən fərqlər müəyyən olunacaq. Bu, “Trendyol” platforması belədir. Hər hansı bir istiqamət üzrə qiymətlərdə artım müşahidə olunursa, o yekun tarifə də öz təsirini göstərəcək”.

 

Ekspert qeyd edib ki, hər hansı bir məhsulun qiymətinin realizə edilməsində çəkilən xərclər artırsa, yekun qiymətə də təsirini göstərəcək:

 

“Artıq daşınma prosesi əvvəlkindən iki-üç dəfə baha olduğu üçün yeni tariflər tətbiq olunur. Bu iqtisadiyyatın qanunauyğunluğudur”.

 

Məsələ ilə əlaqədar Oxu.Az olaraq “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən yeni bir qərar olmadığı bildirilib.

 

Xatırladaq ki, bir neçə ay öncə Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi etmişdi. Şirkət qiymətləri 2.5 dəfə artırmışdı. Dəyişikliyə əsasən 79.99 türk lirəsi (4.23 AZN) hesablanan çatdırılma xidməti, 199.99 türk lirəsi kimi (10.63 AZN) hesablanırdı.

Tacxeber.com

Oxşar xəbərlər