• 20 Sentyabr 2024 21:49

Adil Əliyev İsa Qəmbərə görə işdən çıxıb?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr son günlər daha intensiv xarakter alıb. 

 

Deputat olmaq istəyən şəxslərin ard-arda iddialarını ortaya qoyması seçki mübarizəsinə rəng qatıb.

Ölkənin ana müxalifət partiyası olan Müsavatın seçkidə iştirakla bağlı qərarı hakimiyyət əleyhdarları arasında nəzərəçarpacaq canlanma yaradıb. Bir çoxları üçün gözlənilməz olan bu qərar həm də yeni müzakirələrə rəvac verib. Hazırda mətbuat Müsavat Partiyasının seçki ilə bağlı qərarının arxasında dayanan məqamları araşdırmağa çalışır. Bu isə özlüyündə çoxsaylı iddia və ehtimalların ortaya çıxmasına səbəb olur.

 

Qeyd edək ki, son günlər hakimiyyətin Müsavat Partiyasının timsalında öz opponentlərinə seçkidə “yaşıl işıq” yandıracağına dair çoxsaylı ehtimallar səsləndirilir. Təkcə hakimiyyətə deyil, həm də Müsavata müxalif olan əks düşərgə təmsilçiləri sentyabrın 1-də 20-ə yaxın müxalifətçinin deputat mandatı ilə “mükafatlandırılacağını” iddia edirlər. Nə qədər qəribə olsa da, bu sırada Müsavat Partiyasının yeni başqanı İsa Qəmbərin də adı çəkilir, onun mandat alacağı dairə ilə bağlı iddialar irəli sürülür. Opponentləri iddia edirlər ki, İ.Qəmbər seçki mübarizəsinə Bakının Nərimanov rayonundakı 20 saylı dairədən qoşulacaq və marafonu bütün rəqiblərindən öndə tamamlayacaq.

 

Xatırladaq ki, İ.Qəmbər 19 il əvvəl sözügedən dairədən deputatlığa namizəd olub. Amma o, 2005-ci ildə keçirilən parlament seçkilərində hakimiyyətin dəstəklədiyi rəqibinə – Milli Məclisin sabiq vitse-spikeri, Suraxanı rayonu İcra Hakimiyyətinin indiki icra başçısı Adil Əliyevə uduzub.

 

Müsavat Partiyası və seçki prosesini müşahidə edən müşahidəçilər səsvermənin nəticələrinə etiraz etsələr də, MSK Adil Əliyevin qələbəsini tanımışdı. O vaxtdan bəri Adil Əliyev həmin dairədən ard-arda 4 dəfə deputat seçilib. Adil Əliyevin icra başçısı təyin edildiyi üçün seçkiyə qatılmaq hüuquqndan məhrum olması 20 saylı Nərimanov 2-ci seçki dairəsi ilə bağlı müzakirələri yenidən qızışdırıb.

 

Müsavat Partiyasına anti-simpatiyası ilə tanınan bəzi fəalllar Adil Əliyevin vitse-spikerlikdən getməsini birbaşa İsa Qəmbərlə əlaqələndirirlər. Onların iddiasına görə, İ.Qəmbər 19 il sonra revanş götürmək istəyir.

Müsavat Partiyasındakı mənbə bu iddiaları qətiyyətlə təkzib edib. O bildirib ki, bu cür şayiələr AXCP sədri Əli Kərimlinin yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılıb. Onun sözlərinə görə, İ.Qəmbərin 1 sentyabr seçkilərində deputatlığa namizəd olacağı ilə bağlı partiya rəhbərliyinin qərarı yoxdur. Müsavat başqanının çoxillik siyasi karyerasında hakimiyyətlə gizli sövdələşməyə getdəyinə dair də hər hansı fakt yoxdur.

 

Qeyd edək ki, İ.Qəmbər Bakının Nərimanov rayonunda yaşayır. Qeydiyyatda olduğu ünvan Nərimanov 2-ci seçki dairəsinin ərazisinə daxildir.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər