• 14 İyul 2024 05:10

Azərbaycan Mason Lojasının ali ustadı kimdir ?

Bu gün tirajlanan xəbərə görə, masonlar Azərbaycanda qeydiyyatdan keçmək istəyir. Daha dəqiq “Azərbaycan Mason Lojası”-nın rəsmi qeydiyyata alınması üçün müraciət ediblər. 

 

İlk öncə onu qeyd edim ki, bu xəbərin istinad nöqtəsi “Rus Böyük Mason Lojası”-nın rəsmi səhifəsidir. Doğrudan da lojanın rəhbəri (ali ustad) Andrey Boqdanov 27 iyunda Bakıya Azərbaycan lojasının görüşündə iştirak üçün gəlib. O, daha əvvəl də 16 iyunda Yerevana, 7 iyulda isə Qazaxıstana eyni məqsəd üçün səfər edib.

İndi isə keçək əsas məsələyə. Andrey Boqdanovu araşdıranda ilk olaraq Putinin onun haqqındakı təəssüratı qarşımıza çıxır. Putin hələ 2000-lərin əvvəlində deyir, “o, mütərəqqi baxışları olan iddialı gəncdir”.

 

Boqdanov 2005-ci ildən “Demokrat” partiyasına rəhbərlik edirdi və əsas iddiası Avropaya inteqrasiya idi. 2008-ci il seçkiləri ərəfəsində isə xarici media Boqdanovu “sağ müxalifəti bölmək məqsədilə Putinlə əməkdaşlıq etməkdə” ittiham edirdi.

 

2012-ci ildə Müasir Rusiya İnstitutu onun 30 yaxın yeni partiya ilə əlaqəsi olduğu ortaya çıxardı. Sən demə Boqdanov onlarla yeni partiyanın yaranmasında bilavasitə və dolayı iştirak edərək seçki prosesinə təsir göstərib. Media onu açıq şəkildə “müxalifəti bölmək”-də, “Putinin qələbə qazanması üçün seçiciləri çaşdırmaq”-da, “Kremlin təsir agenti olmaq”-da ittiham etdi.

 

Seçkidən sonra Boqdanov partiyasını dəyişdi. Bu dəfə o tərəfdarları ilə birgə liberal görüşlü “Sağ iş” partiyasını yaratdı. 2009-cu ildə Soçi meriası seçkilərində Putinin dəstəklədiyi namizədin xeyrinə seçkidən çəkildiyini bildirdi.

2014-cü ildə isə Boqdanov ideoloji mövqeyini də dəyişdi və Sosial Ədalət Kommunist partiyasının rəhbəri oldu. Avropaya inteqrasiya edərkən, bir anda kommunist-bolşevikə çevrildi.

 

Boqdanov 2007-ci ildən etibarən “Rusiya Böyük Mason Lojası”-nın rəhbəridir. Hələ də həmin postda qalmaqdadır.

Gəlin açıq danışaq. Siz də bilirsiz, mən də bilirəm ki, belə “ali ustad” filan olmaz. Olsa olsa xüsusi xidmət əməkdaşı, agent, provakator olar. Hələ mason heç olmaz. İndi bu biografiyaya sahib adam 27 iyunda Bakıya gəlib ki, bəs sizin üçün mason lojasının rəhbərini seçəcəyəm. Sizə inandırıcı gəlirmi?

 

Yəqin ki, bu mason həngaməsinin Rusiya maraqlarına xidmət edən, Rusiya üçün yeni və rəsmi “yumşaq güc” yaratmaq cəhdi olduğunu desəm, mənə haqq verərsiz. İndi maraqlısı odur ki, görəsən müxalif partiyanın qeydiyyatını tanımaq istəməyənlər, mason lojasının qeydiyyatına nə deyəcəklər…

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər