• 20 Sentyabr 2024 21:40

“Deyirlər ki, Turalın özü, qardaşı, xanımı, qayınatası deputat olacaq”

 

Növbədənkənar seçkilərdə iştirak edəcək namizədlər bəlli olduqca, seçkilərlə bağlı müzakirələr də daha səs-küylü hal alır. Siyasi arenada yer alan şəxslərin hər bir davranışı zamanından asılı olmayaraq hər vaxt gündəm yaradır. 

 

Seçki ərəfəsində isə bu cür gündəmlərə daha çox rast gəlinir. Bu dəfə isə cəmiyyətdə müzakirə olunan tərəf Ağ Partiyanın sədri Tural Abbaslı və ailə üzvləridir. Xəbər verdiyimiz kimi, siyasətçinin özü, qaynatası və həyat yoldaşı növbədənkənar parlament seçkilərində namizəd olduqlarını bəyan ediblər. Bu isə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

 

Əslində, siyasətçinin özü ilə birlikdə digər ailə üzvlərinin də siyasi arenada daimi olaraq fəaliyyətini nəzərə alanda, bu məsələ o qədər də qeyri-adi sayılmır.

 

Bəs niyə bir ailədən 3 nəfərin seçkilərə qatılması cəmiyyətdə qəribə qarşılanır?

 

Ağ Partiyanın sədri Tural Abbaslı məsələni “Yeni Sabah”a şərh edib və deyilənlərlə bağlı münasibət bildirib:

 

“Qaynatam uzun illərdir ki, Müsavat Partiyasına üzv olub və namizədliyini irəli sürüb. Hətta 2005-2010-cu illərdə millət vəkili olaraq fəaliyyət göstərib. 2010-cu ildən bəri hər ikimiz seçkilərdə namizədliyimizi irəli sürmüşük. Eyni partiyada fəaliyyət göstərmişik. Ailə həyatı qurandan sonra qaynatam, əvvəl isə partiyadaşım olub. Hazırda qardaşım da namizədliyini verib. Elə dönəm olub ki, anam da Ağtsafa rayonu üzrə seçkilərə qatılıb. Məsələ ilə bağlı qəribə müzakirələr gedir və adam anlamır. Bu gün deputat olmaq, namizədlik vermək bir imtiyaz deyil, əlavə yükdür, problemdir, məsuliyyət götürməkdir. Qaynatamla mən ikimiz də eyni anda deputatlığa namizəd olmuşuq. Hillary və Bill Clinton da bir vaxtda prezidentliyə namizəd olmuşdu. Burada nə var ki?! Kimin bu məsələyə və bizə olan münasibəti necədirsə, o cür də fikrini ifadə edir, yazır ya da deyir”.

 

T.Abbaslı qeyd edib ki, siyasətlə məşğul olan şəxslərin hər bir hərəkəti yozulur və müzakirə edilir:

 

“Qeyd etdiyim kimi, deputat olmaq öncəlikdən savayı bir yükdür. Namizəd olmaq müəyyən xərc tələb edir. Hər hansısa partiya xətti ilə bir şəxsin namizədlik üzrə sənədlərinin verilməsi üçün 200-300 manat məbləğ ödənilir. Bundan əlavə imzaların toplanılması, təbliğat-təşviqat prosesi və s. bunların hamısı üçün müəyyən məbləğdə vəsait xərclənir.

 

İnsanlar düşünür ki, Tural 24 ildir siyasətlə məşğuldur və qaynatası, həyat yoldaşı, qardaşı, dostu, sinif yoldaşı və s. bütün hamısı parlamentdə öz yerini alacaq və hakimiyyətdə təmsil olunacaqlar. Problem deyil. Məlumdur ki, siyasi fəaliyyətlə məşğul olan, ictimaiyyətdə müəyyən qədər tanınan şəxslərin hər hərəkəti müxtəlif şəkildə yozulub müzakirə yaradacaq. Buna görə, deyilənlərə o qədər də qəzəblənmirəm”.

Tacxeber.com

Oxşar xəbərlər