• 24 Oktyabr 2024 02:32

Reabilitasiya mərkəzində qan donduran hadisə.

Fotodakı gəncin adı Elvin, soyadı Eyvazovdur. 24 yaşı var. Gənc spirtli içki aludəçisi olub.

Sərxoş vəziyyətdə ailəsinə və yaxınlarına problemlər yaradıb.
Valideynləri qərara gəliblər ki, övladlarını müalicə etdirsinlər. Anası maraqlanıb.
Alkoqolizmdən əziyyət çəkən oğlunu “Şans” reablitasiya mərkəzinə yerləşdiriblər. Ümid ediblər ki, bərpa-müalicə işləri uğurlu olar.

Gənc 05 aprel 2024-cü ildən 19 iyun 2024-cü ilədək “müalicə” alıb.
Atası Elman kişi bununçün 3000 (üç min) manat pul ödəyib.
Gəncin başına nə oyunlar, dəhşətlər gətiriblər “Şans” reablitasiya mərkəzində, İlahi…

Bu məqamda Elvinin özünü dinləyək:
“Orada olduğum müddətdə mənə zülm verdilər. Daim işgəncə altında oldum. Ağzımı və qollarımı bağlayıb, hovuzun içinə atırdılar, boğurdular. Son anda sudan çıxarırdılar, bir qədər nəfəs alırdım, sonra yenidən eyni üsulla boğurdular. Mərkəzin əməkdaşları yerə uzadıb, ayaqlarımı arxadan belimə bağlayırdılar. Taxta ilə başıma və üz nahiyəmə zərbələr endirirdilər. Saatlarla qaranlıq tualetdə saxlayırdılar.”

Elvin bunları danışarkən əlləri əsirdi, dili topuq vururdu, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov.

Yenidən Elvini dinləyək:
“Orada qaldığım müddətdə 2-3 dəfə ailəmlə danışmağa imkan verdilər. Məni hədələdilər ki, ailəmlə telefon danışığı zamanı başıma gətirilən zülmləri danışıb, şikayət etsəm, daha ağır münasibət görəcəm. Nə qədər istəsəm də birbaşa görüşə imkan vermirdilər.”

“Atamgil telefonla ələqənin mümkün olmadığını görüb, narahat olublar, məni mərkəzdən çıxarmaq qərarına gəliblər. Mən mərkəzdə qaldığım dövrlərdə nələr yaşadığımı atama danışası oldum.”-deyə Elvin söyləyir.

Bütün bunlar azlıq edirmiş kimi, gənci cinsi istismarla da hədələyiblər: “Orada Şamil adlı şəxs mənə deyirdi ki, “3 aydır buradasan. Qız da yoxdur. Səndə kişi cinsinə meyl görürük. Passivə oxşayırsan… Bəlkə sənlə cinsi əlaqdə olaq?”
Bu müddət ərzində yüksək təzyiqli su şlanqını Elvinin ağzına soxublar, Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev.

Beləliklə, təxminən 3 aylıq “müalicədən” sonra atası Elvinin bədənində, üz nahiyəsində işgəncə izlərini görür, Abşeron Rayon Polis İdarəsinə şikayət edir.

Məhkəmə-tibbi ekspertizasının 22.06.2024-cü il tarixli, 1299 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Eyvazov Elvin Elmar oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-sol bazunun yuxarı 1/3-nin arxa səthinin qançırı-küt əşyanın təsirindən törənmişdir.

“Şans” reabilitasiya mərkəzinin rəhbəri Elvinin atasına bunları deyir: “İki uşağım var, yazığın gəlsin. Şikayəti geri götür, ödədiyin 3000 manatı da geri qaytarıram.”
Valideyn razılaşmayıb.

Lakin “Şans”ın rəhbəri polislə dil tapa bilib və sonradan Elvininin atasının zənglərinə də cavab verməyib.
Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru İlyas Qurbanov işi “araşdırıb”, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edib, Vilayət Eyvazov.

Təhiqiqatçı qərarın surətini İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində (Döymə) nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi üçün Abşeron RPİ-nin Saray PB-nə göndərib, baxmayaraq ki, əzab vermə, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəza halları, cinayət işinin başlanması üçün əsas olub, Kamran Əliyev.

Az əvvəl Elvinlə, onun atası Elman kişi ilə görüşdüm, başlarına gələn faciəni nəql etdilər, təfərrüatları danışdılar, kömək istədilər, “Şans” reablitasiya mərkəzinin, əməkdaşlarının, rəhbərliyinin, eləcə də təhqiqatçının barəsində məsuliyyət tədbirlərinin görülməsini xahiş etdilər, dövlət başçısı İlham Əliyev.
Bu mümkündürmü?
Açığı, inanmıram…

 

Rüfət Səfərov

Tacxeber.com

Oxşar xəbərlər