• 10 Yanvar 2025 17:26

Pomidor-xiyar buna görə bahadır: İşbazlar ifşa olundu

 

Kənd təsərrüfatı məhsullarının mövsümi olmasına baxmayaraq, şəhər bazarlarında, əsasən də, marketlərdə meyvə-tərəvəzin qiyməti əl yandırır. Vətəndaşlar mövcud vəziyyətdən narazıdır. Bəzi adamlar bazarların marketlərə nisbətən sərfəli olduğunu qeyd edir. 

 

Maraqlıdır, marketlərə meyvə-tərəvəz kənddən gətirilirsəvə sahədə məhsul ucuzdursa, bu bahalığın səbəbi nədir?

 

Məsələni “Yeni Sabah”a şərh edən kənd təsərrüfatı mütəxəssisi Akif Nəsirli meyvə-tərəvəz qiymətlərindəki bahalığın səbəbini açıqlayıb:

 

“Həqiqətən də marketlərdə qiymətlər bazarlara nisbətən xeyli bahadır. Bu da onların inhisarçı mövqeyi ilə bağlıdır. Market özünə müəyyən alıcı kütləsi cəlb edir və məhsulları kifayət qədər baha satır. Həmin alıcı kütləsinin də marketdən almaqdan başqa çıxış yolu qalmayıb. Məsələ burasındadır ki, bəzən bazarlarda da qiymətlər iki dəfə, 50 faiz baha olur. Bununda səbəbi odur ki, rayonlarda həmin məhsulları yetişdirən fermerlərin bazarlara birbaşa çıxışı yoxdur. Böyük şəhərlərin bazarları da inhisarçıların ixtiyarındadır. Məsələn, rayondan bir maşın meyvə gətirən fermer Bakıdakı bazarların birində avtomobilini saxlayıb rahatlıqla məhsul sata bilməz. Bunun üçün müəyyən prosedurlardan keçmək lazımdır. Kifayət qədər yüksək məbləğdə ödəniş olunmalıdır. Həmçinin, yad satıcı burada ayrı-seçkiliyə məruz qalır. Bütün bunlar fermerin bazara girişini məhdudlaşdırır. Əslində, necə olmalıdır? Elə şərait yaradılmalıdır ki, Bakı şəhərinin ətrafında bir neçə topdan satış meyvə bazarı olsun. “Meyvəli” tək inhisarçı olmamalıdır. Həmin digər bazarlar da özünə müştəri cəlb etməlidir. Fermer bazara çatdığı dəqiqədə məhsulunu yerləşdirib satışa başlamalıdır. Belə olsa, qiymət fərqi təkcə yol xərci olar. Bu isə həm fermerə, həm də alıcılara sərfəli olar. Amma, çox təəssüf ki, Azərbaycanda bu imkanlar yoxdur”.

 

Ekspert bildirib ki, yay fəsli olmasına baxmayaraq, əlverişsiz hava şəraiti kənd təsərrüfatı sahəsində qıtlığa səbəb olub:

 

“Digər məsələ isə bundan ibarətdir ki, əlverişsiz hava şəraiti üzündən meyvə-tərəvəzin məhsuldarlığı aşağı düşüb. Qıtlıq yaşanır. Belə olduğu təqdirdə, gilasın qiymətinin bundan sonra 2-3 manata düşəcəyini gözləmək absurddur. Digər meyvələrin qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunsa da, keçən ilki qiymətlərin bu ilə şamil olunması inandırıcı deyil. Bu bahalığın səbəbi qıtlıqdır. Vaxt var idi ki, ölkəmizdən tonlarla pomidor ixrac edilirdi. Ancaq indi pomidor mövsümü olmasına baxmayaraq, Azərbaycana bu məhsul idxal olunur. Yerli pomidorlar isə demək olar ki, xəstədir, yararsızdır. Həmçinin, məhsulun miqdarı da çox azdır”.

Tacxeber.com

Oxşar xəbərlər