“Amazon” “Temu”ya rəqib yaradır – Rəqabəti hansı şirkət qazanacaq?
“Amazon” həm də məhsulların çatıdrılmasında zamanla bağlı rəqabətə hazırlaşır. Belə ki, yeni mağaza məhsulları Çindəki satıcılardan birbaşa müştərilərə göndərməyi planlaşdırır və çatdırılma müddəti 9 ilə 11 gün arasında olacaq. Bu yolla Çindən gələn məhsulların uzun müddət gözləmə probleminin həll ediləcəyi gözlənildiyi halda, “Amazon istifadəçilərinə daha sürətli və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir”.
Bir növ brendin bu təşəbbüsü çinli satıcılar üçün də böyük üstünlük yaradacaq. Satıcılar öz məhsullarını kiçik partiyalarda sınaqdan keçirə və tələbata uyğun istehsal edə biləcəklər. Bu çevik struktur satıcılara məhsulları daha tez və effektiv şəkildə bazara çıxarmağa imkan verəcək.
2023-cü ilə aid statistik məlumatlarda qeyd edilib ki, “Amazon”da satış edən çinli satıcıların sayının 20 faiz, 10 milyon dollardan çox satanların isə 30 faiz artması çinli satıcıların “Amazon”nun gəlirlərinə təsirinin artırıb.
Yeni mağazanın açılış tarixi hələ müəyyən edilməyib, lakin Amazonun planlarına görə, mağaza payızda fəaliyyətə başlayacaq.
Bəs Amazon ucuz Çin mağazaları ilə rəqabət apara bilərmi?
Mövzunu şərh edən ekspertlər bildirir ki, əgər söhbət rəqabətdən gedirsə, bir çox ölkənin bazarına yeni girən “Temu” qısa zamanda milyonlarla istifadəçiyə çatıb. Hətta bu platforma artıq ölkəmizdə də populyarlıq qazanmağa başlayıb. Sərfəli qiymətləri və geniş məhsul çeşidi ilə diqqət çəkən platforma həm də hər gün təqdim etdiyi yeniliklərlə müştəri cəlb etməyə çalışır.
Bu platformalarla isə rəqabəti itirməmək üçün “Amazon” ötən ilin dekabr ayında satıcı komissiya haqlarını azaldacağını açıqladı. Belə ki, platformada 20 dollardan aşağı geyim satan satıcılardan alınan komissiyaları əhəmiyyətli dərəcədə azaldacağını və 2024-cü ilin yanvar ayından etibarən 15 dollardan aşağı geyim məhsulları üçün satıcı komissiyalarını 5%-ə, 15 ilə 20 dollar arasında olan paltarlar üçün isə 10%-ə endirəcəyi deyildi. Bu açıqlamaya qədər isə həmin kateqoriyalarda əvvəllər tətbiq edilən komissiya dərəcəsi 17% idi.