“30 faizlik şansımızdan bərk yapışacağıq” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la (Macarıstan) ilk oyunundan (1:2) sonra mətbuat konfransı keçirib.
Mütəxəssis əvvəlcə görüş haqqında ümumi fikirlərini bölüşüb.
– Həddindən artıq çətin situasiya ilə üzləşdik. Azlıqda qaldıq. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Qol vurduq, yaxşı oynamağa başlamışdıq ki, istəmədiyimiz vəziyyət oldu. Dünən də demişdim ki, hər bir halda, matç iki oyundan ibarətdir. Qələbə qazansaydıq da, bunu deyəcəkdim. Cavab görüşü bundan da çətin olacaq. Üstünlük rəqibdədir, bizdə isə daha çox problemlər var. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları oyuna kökləməyə çalışacağıq.
– Sözsüz ki, oyunun taleyini qırmızı vərəqə həll etdi. Bu ana qədər üstün idiniz. Sadəcə bir an var idi ki, komanda qapanmağa çalışırdı. Bu, sizin tapşırığınız idi?
– Xeyr, tapşırıq deyildi. Son vaxtlar futbolda belə hallar o qədər olur ki… Qol vurursan, başqa oyun oynamağa başlayırsan. Həmin ərəfədə sadəcə öz oyunumuzdan çıxdıq. Təhlükəli epizodlar verməsək də, istəmədiyimiz, alışmadığımız oyunun şahidi olduq. Amma bunun da bir izahı var: təcrübəsiz komandayıq. Bəzi oyunçular konkret olaraq oyundan qopdu. Belə məsələlərin üzərində işləyəcəyik. Bunların hər biri bizimçün bir təcrübədir.
– Bu oyunda cavab görüşü üçün xoş siqnal gördünüzmü? Səfərdə sərfəli nəticəyə ümid etmək olar?
– Sözün açığı, tam fərqli br “Fehervar” gördük. Köhnə baş məşqçinin komandası ilə indiki “Fehervar” ayrı idi. Deyim ki, bizi əlavə nə iləsə təəccübləndirmədilər. Əfsuslar olsun ki, qoldan sonra 10 nəfərlə qalmağımız çətin oldu… Ən azından biz səfər oyununa çəkinmədən gedəcəyik. Macarıstandan qalib dönmək niyyətində olacağıq. Buna səbəb mənim komandamın oyunudur. Bəzi epizodlarda yaxşı oynadıq. 10 nəfər qalmağımıza, qırmızı vərəqə almağımıza köklənməyəcəyik. Pis tərəflərdən də nəticə çıxaracağıq və Macarıstana qələbə üçün gedəcəyik.
– Oyunöncəsi mətbuat konfransında demişdiniz ki, “Fehervar” “Qarabağ” istisna olmaqla digər komandalarımızdan bir baş üstündür. Oyun fikrinizi dəyişdimi?
– Dünən dedim ki, biz baxdığımız, ötən çempionatda izlədiyimiz “Fehervar” üstündür. Yeni baş məşqçini yalnız yoxlama oyunlarında görmüşdük. Yoxlama oyunlarında komandanı tutmaq olmur. Bir baş məşqçi olaraq öz komandanın oyunu belə yoxlama oyununda aldadıcı olur. Ya sən yaxşı olursan, ya rəqib zəif görünür. Mən danışdığım ötən mövsümün “Fehervar”ı idi. Həddindən artıq qeyri-adi intizamla oynayan komanda idi. Bütün futbolçular nə edəcəklərini bilirdilər. Biz bu cür komandalara qarşı nə qədər əziyyət çəkmişik, görmüşük. Bugünkü “Fehervar”dan nələrsə desəm, düz olmaz. Çünki uduzmuş komandayıq. Amma gördük ki, bu rəqibə qarşı oynaya bilərik. Ümidimiz mərhələ keçməkdir.
– Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı?
– 100 faiz. Ümidlərimiz də fərqli ola bilərdi. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Çünki bizdə başqa futbolçular yoxdu. Heyətlə bağlı çətinliklərimiz var. İstənilən halda 11 nəfərlə uduzsaydıq belə,yenə də səhvlərimizdən nəticə çıxarıb, səfərdə qələbəyə köklənəcəkdik. Bunu nə qədər bacaracağıq bilmirəm, amma mənim işim komandanı qələbəyə kökləməkdir. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.
– Macarıstandakı oyunda müdafiədə kimi oynadacaqsınız?
– Orada oynaya bilənləri çalışacağıq yerləşdirək. Nəsə demək çox çətindir. Taktiki baxımları kənara qoyaq, əsas məsələ futbolçunu psixoloji olaraq hazırlamaqdır. Əsas çətinlik budur. 3 məşqə çıxarıb, 1 oyuna ondan nəsə gözləmək absurd olar. Başqa variantlar fikirləşəcəyik.
– Bu nəticədən sonra şansları necə dəyərləndirirsiniz?
– 30 faiz. Rəqibin üstünlüyü 70 faizdir. Biz o 30 faizlik şansımızdan bərk yapışacağıq.
– Taktiki planda komandanızı rəqibə uyğun hazırlamaqda seçilən məşqçilərdənsiniz. Maraqlıdır, bu gün gördüyünüz rəqib işinizi asanlaşdırırmı?
– Bizim fikrimiz öz oyunumuzu oynamaqdır. Rəqibi aşağılamaq kimi niyyətimiz yoxdur. Rəqibə görə oynamaq fikrimiz yox idi. Bütün hazırlığımız öz oyunumuzu ortaya qoymaqdır. Nə olursa olsun, öz oyunun olmalıdır. Çünki öz oyunun yaxşıdır, ya yaxşı deyil, belə matçlarda bilinir. Düşünürəm ki, bəzi epizodlarda hətta 10 nəfərlə qalsaq da, öz oyunumuzu oynamağa çalışdıq.
– Hakimlikdən razı qaldınız?