• 23 Noyabr 2024 23:04

Ağadadaş Ağayevi döyən şəxslə bağlı dəhşətli faktlar – Adam oğurluğu, çoxillik türmə həyatı…

 

Ağadadaş Ağayevin döyüldüyü insident bir neçə gündür ki, gündəmi zəbt edib. Müzakirələr davam etdiyi kimi, yeni faktlar da ortaya çıxmağa başlayıb. Hər kəs Xalq artisti ilə əlbəyaxa olan şəxslə bağlı ətraflı məlumat öyrənmək istəyir. 

 

Tacxeber.com xəbər verir ki, tanınmış ifaçı ilə münaqişə yaşayan mühafizə işçisi Nurəddin Cəlilov barədə yeni məlumatlar ortaya çıxıb.

 

Xalq artisti Ağadadaş Ağayevin vəkili Asim Abbasov həmin şəxslə bağlı indiyə kimi ictimaiyyətə məlum olmayan faktları açıqlayıb. A.Abbasov qeyd edib ki, müğənniyə hücum edən şəxs dəfələrlə məhkum olunub:

 

“Bundan başqa, əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxmışdır. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir. Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır”.

 

Vəkil həmçinin bildirib ki, istintaq başa çatdıqdan sonra həqiqət hamıya məlum olacaq:

 

“Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış video görüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər