Məleykə Abbaszadə yenidən SƏDR oldu – Ona etimadın SİRRİ nədir?
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” fərmanda dəyişiklik edib. Dəyişikliklə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək. Müşahidə Şurasının sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təsdiq edilib. Müşahidə Şurasının üzvləri isə bunlardır:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini;
İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini;
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Prezident Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilməsi barədə sərəncam da imzalayıb. Qərara görə, mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Mərkəzin Müşahidə Şurası mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Yada salaq ki, indiyədək DİM-ə Direktorlar Şurasının sədri, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərirdi. 12 aprel 2016-cı il tarixli sərəncamla Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub. Namiq Babayev və Bəhram Xəlilov isə Direktorlar Şurası sədrinin müavini vəzifəsinə təyin olunublar. Ayda-zadə Kamil, Bayramov Ceyhun, Hacıyev Niyazi və İsmayılzadə Fariz Direktorlar Şurasının üzvü təyin olunublar.
Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları şura üzvlərinin yarıdan çoxunun və ya şura sədrinin təşəbbüsü ilə keçirilir.
Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları şura sədri tərəfindən imzalanır. Niyə yaradıldı, məqsəd nədir?
Qeyd etmək yerinə düşər ki, neçə vaxt idi ki, təhsil sferasında dəyişikliyin olması ilə bağlı çağırışlar edilirdi. Əsasən də qəbul imtahanları zamanı bu məsələ gündəmə gəlirdi. Ali məktəblərə qəbul imtahanları zamanı tapşırıqların çətin olması səbəbindən narazılıqlar baş qaldırırdı. Qeyd edilirdi ki, suallar məktəb dərsliklərindən deyil, əsasən DİM-in dərs vəsaitlərindən salınır. Bu səbəbdən də abituriyentlər imtahan zamanı çətinliklərlə üzləşirlər. Ümumiyyətlə, dərsliklərlə qəbul imtahanlarına düşən suallar arasında ziddiyyətin olduğu deyilirdi. O səbəbdən də tələbə qəbulu prosesində həm Elm və Təhsil Nazirliyinin, həm də DİM rəsmilərindən ibarət yeni qurumun yaradılması da təklif olunurdu. Göründüyü kimi, DİM-in Müşahidə Şurasının yeni tərkibində müxtəlif qurumların nümayəndələri təmsil olunur. Bəs görəsən, bundan əvvəl yaşanan bir sıra problemlər öz həllini tapacaqmı? Ümumiyyətlə, nə kimi yeniliklərin şahidi olacağıq?
Kamran Əsədov Bakını tərk etdi – O, İstanbuldan iş təklifləri alıb
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “2016-cı ildə publik Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yerində Dövlət İmtahan Mərkəzi yaradıldı və publik hüquqi şəxs qismində çıxış etdi. Qeyd edim ki, o vaxt nizamnamədə idarəetmə qurumu kimi Dövlət İmtahan Mərkəzində Direktorlar Şurası var idi. Amma mahiyyət etibarilə bu düzgün deyildi. Direktorlar Şurasının üzvlərinin heç biri DİM-də çalışmırdı və orada direktor səlahiyyətləri yox idi. Ona görə müəyyən qədər qanunvericilikdə problem olaraq qiymətləndirilirdi. Həmçinin keçmiş direktorlar şurasının üzvlərinin böyük əksəriyyəti artıq fərqli sahələrdə çalışdıqları üçün yeni bir struktura ehtiyac var idi. Qanunvericiliyə görə, publik hüquqi şəxslərin hər birində mütləq şəkildə Müşahidə Şurası olmalıdır. Bunlar DİM-də ictimai əsaslarla fəaliyyət göstərən bir strukturdur. Bu, yeni bir idarəetmə modelidir. Təbii ki, bu o demək deyil ki, Məleykə Abbaszadənin səlahiyyətləri azalır. Əksinə, daha geniş imtahanlar keçirmək üçün DİM-in səlahiyyətləri var və qurumun yeni rəhbəri yenə də DİM-in sədri Məleykə Abbaszadədir. Sadəcə olaraq, normativ hüquqi aktlara edilən dəyişikliyə əsasən direktorlar şurası ola bilməzdi. Burada bir məsələ də var: DİM-in özünün fəaliyyətinə nəzarət etmək. Yəni Müşahidə Şurası fəaliyyətə nəzarəti həyata keçirəcək, İdarə Heyəti isə buradakı bütün funksiyaları yerinə yetirən qurumdur. İdarə Heyətinin də sədri DİM-in öz rəhbəridir. Təbii ki, bu, DİM-in fəaliyyətinə daha ciddi nəzarəti həyata keçirməyə imkan verən bir strukturdur. Etiraf edək ki, DİM TQDK olan vaxtdan bəri ölkədə obyektiv, şəffaf, əlçatan imtahan təşkil edən bir qurumdur. Keçirdiyi imtahanların beynəlxalq etibarlılığı var. Hətta dünyanın ən nüfuzlu imtahan mərkəzləri DİM-in nəticələrini, keçirdiyi istər yerli qəbul və buraxılış imtahanları, eləcə də beynəlxalq imtahan nəticələrini etibarlı olaraq qəbul edirlər. Bu gün DİM SAT, TOEFL, İELTS, bir çox imtahanları keçirir. Həmçinin Azərbaycanda dövlət qulluğuna imtahanları keçirən bir strukturdur. Birmənalı şəkildə idarəetmədə mobilliyin və çevikliyin artırılmasına ehtiyac vardır. Həm qəbul, həm dövlət qulluğuna qəbul, müxtəlif imtahanların keçirilməsində müəyyən qədər çətinliklər yarana bilərdi. Ən mühüm məqamlardan biri DİM-in fəaliyyətinə nəzarətin həyata keçirilməsidir”.