• 25 Noyabr 2024 07:19

SSRİ-nin Tu-154 təyyarəsini Pakistana qaçıran dustaqlar.

Yakutiyanın Neryunqri şəhərində müvəqqəti saxlama təcridxanasındakı 15 dustaq 1990-cı il avqustun 19-da Neryunqri-Yakutsk marşrutu ilə uçan sərnişin təyyarəsi ilə etap olunurdular. Onları üç konvoyçu müşayiət edirdi. Dustaqlar və konvoyla birlikdə təyyarədə 85 sərnişin və 7 heyət üzvü vardı.

 

Dustaqlar təcridxana mühafizəçisinin köməyi ilə lüləsi kəsilmiş tüfəng əldə edə bilmişdilər və təyyarəyə keçirmişdilər. Üstəlik, partlayıcı maddəyə oxşar bir şey (mulyaj) düzəltmişdilər.

 

Təyyarənin havaya qalxmasından təxminən 15 dəqiqə sonra dustaqlarda biri tüfəngi çıxarıb sərnişinlərə yönəltdi, digəri isə mulyajı çıxararaq təyyarəni partlatmaqla hədələdi. Konvoyçular tərkisilah edildilər, pilot kabinəsi də nəzarət götürüldü. Onlar pilotlardan Neryunqriyə qayıtmağı tələb etdilər.

 

Neryunqridə yerə enəndən sonra dustaqlar təcridxanadan daha iki dustağın gətirilməsini, eləcə də silah, rasiya, bronjilet istədilər. Onların bütün şərtləri yerinə yetirildi. Əvəzində konvoyçuları, qadın və uşaqları azad etdilər. Üstəlik, 6 dustaq könüllü şəkildə endilər. Beləliklə, təyyarəni ələ keçirənlərin sayı 11 oldu.

 

Tu-154 saat 13:00-da yenidən havaya qalxdı. Əvvəlcə Krasnoyarskda, sonra (20:45-də) Daşkənddə yerə endi. Burada onlar ölkədən çıxmağa şərait yaradılmasını tələb etdilər. Avqustun 20-də səhər havaya qalxan təyyarə Pakistana uçdu və Karaçi hava limanında endi. Təyyarə heyət və 36 sərnişinlə birlikdə tezliklə SSRİ-yə qaytarıldı. 11 nəfər isə Pakistanda qaldı.

 

Beləliklə, dustaqlar planladıqlarını uğurla həyata keçirib SSRİ-dən qaçdılar və… it kimi peşman oldular.

 

Pakistan məhkəməsi onların hamısını edama məhkum etdi. İki nəfər intihar etdi, biri isə Pakistan həbsxanasının acınacaqlı vəziyyətinə dözməyərək istidən öldü. Digər 8 nəfərin cəzası ömürlük həbslə əvəzləndi. İndi onlar Pakistan hakimiyyətinə müraciət edib yalvarırdılar ki, bizi geri göndərin. Dəhşətli sovet həbs düşərgələri Pakistan qazamatı ilə müqayisədə sanatoriya kimi xatırlanırdı. Amma pakistanlılar onların yalvarışlarına bir müddət məhəl qoymadılar.

 

SSRİ-nin dağılmasından sonra Rusiya vətəndaşı olan 6 nəfər 1998-ci ildə, Ukrayna vətəndaşı olan 2 nəfər isə 2000-ci ildə ölkələrinə göndərildilər. Rusiyaya göndərilənlərə 15 il iş kəsildi, amma Pakistandakı həbs müddəti nəzərə alınmaqla bir müddət sonra azad edildilər. Ukraynaya göndərilənlər isə hüquqi təqib olunmadılar.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər