Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
YAP-ın 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədi Qasımova Səbinə Məmmədağa qızıdır.
S.Qasımova paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 271 saylı məktəbin direktorudur. Bu dairədən deputat Şeyxin Qudası Hacı Qalibin oğlu Əliabbas Salahzadə olmuşdu. Amma bu dəfəki seçkilərdə iştirak etmir.
O, hakim partiyanın siyahısında yer almayıb. Hazırda bu dairədə başqa bir diqqət çəkən namizəd yoxdur və məktəb direktoru üçün yol açılmış görünür.
Qeyd edək ki, bəzi KİV-lərdə xanım direktor və onun məktəbi haqda şikayətlərə rast gəlmək olar. Xüsusən də 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova direktordan şikayətçi olub. Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, – şikayətçi bildirib.