Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu – FOTOLAR
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkimlə xəstə arasında əlbəyaxa dava olub.
Oxu24.com xəbər verir ki, şəhər sakini Arzu Abdullayeva sağlamlıq arayışı almaq məqsədilə iyulun 23-də xəstəxanaya müraciət edib.
Məsələ ilə bağlı sayta müraciət edən Arzu Abdullayeva xəstəxanada göz həkimi Günel Səfərova tərəfindən döyüldüyünü iddia edib.
“Sağlamlıq haqda arayış almaq üçün göz həkiminin oturduğu kabinetə yaxınlaşdım. Qapının arxadan bağlı olduğunu gördüm. Qapını döydüyüm zaman bir xanım içəridən qapını açaraq “hansı zibillərdir qapını döyən” ifadəsini işlətdi. Mən ona sənəd üçün müraciət etmək istədiyimi bildirən zaman tibb işçisi əsəbi halda qapını üzümə çırpdı. Bu zaman əlim qapının arasında qaldı və dırnağım qırıldı. Daha sonra içəridən çıxan göz həkimi Günel Səfərova mənə hücum etdi. Nəticədə aramızda əlbəyaxa dava oldu. Mənə bir neçə yerdən xəsarət yetirdi. Xəstəxanada hücuma məruz qaldığım üçün əraziyə polis çağırdım.İş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”,- deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı davada adı hallanan göz həkimi Günel Səfərova belə bir hadisənin baş verdiyini təsdiqləyib.
“O xanım çox söz deyə bilər. O özü mənə xəsarət yetirib. Əlavə münasibət bildirmək istəmirəm”, – deyə həkim bildirib.
Həkim Günel Səfərova
Məsələ ilə bağlı xəstəxananın direktorun inzibati məsələlər üzrə müavini Murad Rəhimzadə bildirib ki, hadisə hazırda ətraflı araşdırılır.
Qazi anasının döyülməsi iddiası ilə bağlı hazırda Şirvan Şəhər Prokurorluğunda da araşdırma aparılır. Müstəntiq İlqar Novruzov söyləyib ki, işlə bağlı ətraflı araşdırma aparılır. Fakta əsasən hüquqi qiymət veriləcək.