• 23 Noyabr 2024 07:16

Görünən odur ki, Rövşən Nəcəfi Elxan Məmmədov, Elsad Nəsirov idarə edir.

Əvvəl səs gəlir, sonra görüntü. AFFA-nın prezidenti Rövşən Nəcəfin fəaliyyətinin gizlinləri də belədir.

 

Həftəsonu futbol təsərrüfatına rəhbər seçilməsinin 4 ayı tamam olacaq Nəcəfin indiyəqədərki addımları onun müstəqil qərar vermədiyini, eyni zamanda AFFA İcraiyyə Komitəsini (İK) vecə almadığını göstərirdi. Bu qurum ona sadəcə, qərarların təsdiqlənməsi üçün lazım idi. Vaxtilə Rövnəq Abdullayev – Elxan Məmmədov tandemi necə davranırdısa, Rövşən bəy də eyni yolu gedir.

 

Dünən qurumun rəsmi saytında paylaşılan xəbər də göstərdi ki, Nəcəf ölkə futbolunu sələfləri kimi, fotosessiyalarla inkişaf etdirmək istəyir. Yalançı iş görüntüsü yaradan fotoların bəzilərinə düşən ləkə isə niyyətdən, pərdəarxası oyunlardan xəbər verdi. Parisdə FIFA rəhbərliyi ilə görüşdə bu qurumda post tutan Elxan Məmmədovun zühur etməsi kartların açılması demək idi. Artıq Nəcəfi kimlərin idarə etdiyi gizli saxlanılmır.

 

Rövşən bəy SOCAR-da və AFFA-da müavini olan Elşad Nəsirovun əsirinə çevirilib. 20 ildir Azərbaycan futbolunu barmağında oynadan vitse-prezident və dəstəsi Nəcəfi müsbət addımlarına ümid etdiyimiz, mütərəqqi qüvvə saydığımız yeni İK-dan ayıra bilib. Elə olmasaydı, Parisdə olan digər vitse-prezident Balakişi Qasımov da Canni İnfantino ilə görüşə qatılardı.

 

Nəcəf İK üzvləri ilə məsləhətləşmədən milli komandanı vaxtı keçmiş Fernandu Santuşa tapşırdı; Hakimlər Komitəsinə heç bir idarəçi təcrübəsi olmayan Frank de Blekeri gətirdi; inkişaf strategyasının yazılması üçün xarici şirkətləri işə cəlb etdi. Bütün bunlar köhnə rəhbərliyin də vaxtında var idi. Nəsirovun illərdir tətbiq etdiyi siyasətdir – azərbaycanlılara nifrət edən bu dəstə ancaq əcnəbilərə qucaq açır, həm büdcəni dağıdıb öz paylarını götürürlər, həm də yerli kadrları sıradan çıxarırlar.

 

Bu dəstənin yerliləri məhvetmə planının qarşısında təkcə Qurban Qurbanov dağ kimi dayanıb. Bir dəfə imicini korlamağa çalışıb bacarmadılar, indi yeni mərhələyə başlayıblar. “Neftçi”yə son təyinatlar göstərir ki, paytaxt klubu yenidən bu dəstənin əlinə keçib, “Qarabağ”ı sıradan çıxarmaq üçün qarşıdakı mövsümdə hər yola əl atacaqlar.

 

Nəcəf də Nəsirovun dəstəsinə müvəqqəti istifadə üçün lazımdır. Formal fiqur kimi başda əyləşdirilib, qərarlar SOCAR-ın kabinetlərində verilir. AFFA-nın boz binasında heç bir strateji addım atılmır, Rövşən bəy əhatə dairəsində olduğu müavininin məsləhətləri ilə qərarları qəbul edib icrası üçün assosiasiyaya göstəriş verir. Balakişi Qasımov, Qurban Qurbanov, Maqsud Adıgözəlov, Sərxan Hacıyev və başqaları yükdaşıyan rolunda istifadə olunur. Bu gedişat fiaskonu qaçılmaz edir. Uğursuzluqlar davam etdikcə xilas planı ortaya atılacaq və Elxan Məmmədov saxta xilaskar kimi AFFA-ya qaytarılacaq. Baş katib postunun boş saxlanılması da təsadüfi deyil, ora mütləq dəstə üzvü olan birini təyin edəcəklər.

 

Balaş gedib qılıncını oynatsın, ən yeni silahlarla onun nüfuz qalasını çoxdan məhv ediblər. Futbol böyük oyundur, hər iddiası olan orada baş çıxara bilməz. İllərlə kök salmış dəstə futboldan getməyibmiş, yeniləri tilova salmaqla məşğul imiş. Öncə atılan addımlarla varlıqlarını hiss etdirdilər, indi isə Elxanı üzə çıxarmaqla əzələ nümayiş etdirirlər. Əvvəl səs gəldi, sonra görüntü. (Futbolinfo)

Tacxeber.com

Oxşar xəbərlər