“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” – Xalq artisti
Bu gün populyar olan, müğənnilərə böyük pullar qazandıran bir çox musiqilər var ki, qəbul etsək də, etməsək də, böyük kütlələr tərəfindən rəğbətlə qarşılanır.
Belə mahnılara görə musiqiçilərimiz iki cəbhəyə bölünüb desək, yeri var. Bəziləri deyir ki, xalq sevirsə, demək bu mahnı keyfiyyətlidir və bəlkə elə nə zamansa, illər sonra o da xalq mahnısı statusu alacaq.
Bir çox sənətkarlar isə hesab edirlər ki, bayağı mahnılar insanların, xüsusilə gənc nəslin zövqünü korlayıb, mənəvi korroziya yaradır.
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Xalq artisti, tarzən Vamiq Məmmədəliyev bildirib ki, müasir musiqilərin hamısına pis demək mümkün olmasa da böyük əksəriyyəti bayağılığı, bəsitliyi ilə qulaq yorur.
“Bayağı mahnılar 100 il keçsə də xalq mahnılarımızla eyni səviyyədə ola bilməz. Düzdür xalq mahnılarının da müəllifləri yoxdur, xalq sənətkarları tərəfindən bəstələnib. Lakin onların sözləri də, musiqisi də bir birini tamamlayır, bəsitlik yoxdur. Məsələn “Qubanın ağ alması” mahnısındakı “Yarım gələnə qalıb,
Yaramın sağalması” misraları hara, “Səni sevdim mən, məni sevmədin sən” hara?