Azərbaycan cüdoçusu finalda!
Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Tacxeber.com QOL.az-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb. Polşa idmançısı 1/16 finalda Tomas Briçenoya (Çili, dünya reytinqi 46) qalib gəlib.
Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.
Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Palçik (İsrail, dünya reytinqi 11) olub. İsrailli cüdoçu 2020-ci ildə Avropa çempionu adını, 2023-cü ildə isə dünya çempionatının bürünc medalını qazanıb.
Kotsoyev bu gorüşdə də qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan, dünya reytinqi 4) olub. Turoboyev dünya (2022-ci il) və Asiya (2024) çempionudur.
Kotsoyev bu görüşdə də qalib gələrək finala çıxıb.