• 23 Noyabr 2024 07:37

Bu hadisə olimpiadalar tarixinin, yəqin ki, ən böyük fırıldağıdır.

Onişenko 1968-ci il Olimpiadasında komanda hesabında gümüş medal qazanmışdı, şəxsi yarışlarda isə beşinci olmuşdu. Dörd il sonra nəticələri yaxşılaşdı. Komanda hesabında çempion oldu. Şəxsi yarışlarda isə dörd növdən sonra lider olsa da krossu uğursuz qaçdı və gümüş medal qazandı. O, bu illər ərzndə komanda yarışlarında dörd dəfə, şəxsi yarışlarda isə bir dəfə (1971-ci ildə) dünya çempionu olmuşdu.

 

1976-cı il Monreal olimpiadası Onişenkonun şəxsi yarışlarda çempion olması üçün son şans idi. Amma hələ komanda yarışlarında Böyük Britaniyaya qarşı qılıncoynatma qarşılaşmasında qəribə hadisə baş verdi. Onişenkonun qılıncı rəqibə (Ceremi Foks) dəymədiyi halda toxunuşu təsbit edən qırmızı işıq yandı. Hakimlər əvvəlcə texniki qüsur hesab etdilər və qılıncı dəyişdilər. Sovet idmançısı görüşdə qalib gəldi. Amma ingilislər sakitləşmədilər, Onişenkonun qılıncının yoxlanılmasını tələb etdilər. Yoxlanış zamanı isə məlum oldu ki, Onişenkonun qılıncının dəstəyində zamşa parçasının altında xüsusi düymə yerləşdirilib. Bu düyməni basanda elektrk dövrəsi qapanır və silah rəqibə toxunmuş kimi işıq yanır.

 

Bu hadisənin ən əcaib cəhəti o idi ki, qılıncoynatma Onişenkonun ən güclü cəhəti idi və britaniyalı rəqibinə qalib gəlməsi üçün belə fırıldağa heç bir ehtiyacı yox idi.

Saxtakarlığın üstü açılandan sonra Onişenko yarışlardan qovuldu. Bu o demək idi ki, sovet komandası da mübarizəni dayandırır. Komanda yarışlarında elə Böyük Britaniya çempion oldu. Deyilənlərə görə, Kanada polisi komanda yoldaşlarının Onişenkonu döyməsinə imkan verməmək üçün tədbirlər görməli oldu.

 

Belə bir ehtimal da var ki, britaniyalılar hələ olimpiadadan əvvəl keçirilən yarışda Onişenkonun qılıncı ilə hər şeyin qaydasında olmadığını hiss ediblər. Amma səslərini çıxarmayıblar ki, olimpiadada diskvalifikasiyasına nail olsunlar. Əks halda olimpadada SSRİ komandasında Onişenkonu başqa birisi əvəz edəcəkdi və yenə turnrin favoriti olacaqdılar.

Onişenko SSRİ-yə qayıtdıqda əməkdar idman ustası adından, Qırmızı Əmək bayrağı ordenindən məhrum edildi, üzvü olduğu Kommunist partiyasından qovuldu və ömürlük diskvalifikasiya edildi. Amma cəmi bir il sonra Kiyev Respublika stadionu nəzdində açılan “Atlet” idman-təlim bazasının direktoru təyin olundu. 86 yaşlı Boris Onişenko hələ də həyatdadır.

 

2001-ci ildə Britaniyanın “The Observer” qəzeti “İdman tarixinin 10 ən böyük fırıldaqçısı”nın siyahısını tərtib etdi. Dieqo Maradonanın üçüncü yerdə olduğu siyahıda Boris Onişenko birinci yeri tuturdu.

Hazırlayıb: Yadigar Sadıqlı (“Tarixçi” teleqram kanalı)

Tacxeber.com

Oxşar xəbərlər