• 24 Noyabr 2024 06:49

İran-İsrail müharibəsi: “Bu dəfə durum fərqlidir, cavab sərt olacaq”

İran İsraillə genişmiqyaslı müharibədən qaçmaq istədiyini açıq şəkildə bildirsə də, Təl-Əvivi HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə qisas alacağı ilə hədələyib.

 

Bu barədə “Blumberq” yazır.

Haniyənin öldürülməsinə görə qisas alacağına söz verən Tehran bəyan edib ki, məqsədi İsrailin oxşar addımları təkrarlamasının qarşısını almaqdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin bu gün məsələ ilə əlaqədar açıqlaması belə olub: “Regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi təcavüzkarın cəzalandırılması, İsrail və onun avantürizminə qarşı çəkindirmə yaratmaqla əldə olunacaq”.

 

İslam Respublikasının beynəlxalq hüquq çərçivəsində İsraili cəzalandırmaq hüququ var, amma Yaxın Şərqdə gərginliyi qızışdırmaq istəmir”.

İsrail Baş naziri Benyamin Netanyahu da bu gün bildirib ki, ölkəsi İranın şər oxuna qarşı çoxcəbhəli müharibə aparır: “Biz onun hər bir silahını böyük güclə vururuq. İstənilən ssenariyə hazırıq – həm hücum, həm də müdafiəyə”.

 

“Blumberq” qeyd edir ki, paytaxtının mərkəzində yüksək rütbəli xarici qonağın öldürülməsindən doğan təhqiri nəzərə alsaq, bu dəfə İranın cavab tədbirləri daha sərt ola bilər: “Tehranın variantları İsrailə növbəti birbaşa hücumdan tutmuş İsrailin bütün dünyadakı hədəflərinə zərbələrə qədərdir”.

Bölgəyə bir döyüş təyyarəsi eskadrilyası göndərən və İsrailə kömək üçün yaxınlıqda bir təyyarədaşıyan gəmisi saxlayan ABŞ həm də Qəzzada HƏMAS-la atəşkəs razılaşması əldə etmək səylərini ikiqat artırmaq üçün Netanyahuya təzyiq də edir. ABŞ və ərəb dövlətləri hesab edirlər ki, Qəzzada hərbi əməliyyatların dayandırılması regionu sakitləşdirəcək.

 

Vəziyyətin təhlükəli xarakter aldığını söyləyən ABŞ dövlət katibi Entoni Blinken deyib ki, təcili olaraq gərginliyin azaldılmasına ehtiyac var.

“Axios” mənbələrə istinadla yazır ki, İran və “Hizbullah”ın İsrailə hücumu yaxın saatlarda başlaya bilər. Oxşar fikri Blinken də səsləndirib.

 

Avqustun 4-də Netanyahu ordu və xüsusi xidmət orqanlarının rəhbərləri ilə iclas keçirib. Toplantıda İran tərəfdən hücum qaçılmaz olarsa, ona qabaqlayıcı zərbə endirmək variantı müzakirə olunub. Bununla belə, “Blumberq” mümkün qarşıdurma və ya qarşılıqlı cavab zərbələrinin irimiqyaslı olmayacağı qənaətindədir. (Teleqram.com)

Tacxeber.com

Oxşar xəbərlər