• 20 Sentyabr 2024 13:33

“Naxçıvanda kütləvi işsizlik, sürətli miqrasiya və xroniki yoxsulluq yerində sayır”

“Naxçıvanda əsaslı dəyişikliklər hələ ki, yoxdur. Kütləvi işsizlik, sürətli miqrasiya, xroniki yoxsulluq kimi sosial-iqtisadi problemlər yerində sayır. Əsaslı irəliləyişlər hələ ki, müşahidə olunmur”.

 

Bunu iqtisadçı Məmməd Talıblı özünün sosial şəbəkə hesabında yazıb.

 

O bildirib ki, buna baxmayaraq, gözlə görünən bəzi dəyişikliklər də var:

“Sahibkarlıq təşəbbüslərinə əsasən meydan verilib. Talıbov dövründə şəhərdə 3-5 çayxana və barmaqla sayılacaq ictimai-iaşə obyektləri tam dövlət qurumlarının nəzarətində idilər. İndi şəhərin müxtəlif məkanlarında çoxsaylı obyektlər açılıb. İnsanlar, heç olmasa, bir-biri ilə dərdləşmək üçün bir məkanda görüşə bilirlər. Görün Naxçıvan hansı həddə gətirib çıxarılıb ki, dövlət dəstəyi olmadan sahibkarların fərdi təşəbbüsləri ilə edə biləcəkləri işləri biz az qala müsbət bir məqam kimi qeyd edirik”.

 

İqtisadçının sözlərinə görə, yeni rəhbərliyə siyasi güc və geniş səlahiyyət verilməlidir ki, onlar problemləri sistemləşdirsin və çıxış yolları tapsınlar:

“Yeni rəhbərlik yarımçıq addımlar atır və bu status-kvoda onlardan nə istədiklərini dəqiq müəyyən edə bilməyiblər. Onların konkret hədəfləri və bundan çıxış yollarını müəyyən edəcək zaman öhdəlikləri yoxdur. İndi iqtisadi azadlıq baxımdan nisbətən kiçicik pəncərənin açılması uzun illər qəzəb həddinə çatdırılmış naxçıvanlıların könül almaq istəyidir. “Əvvəllər yox idi, amma indi var” özünətəsəllisi üçündür. Amma 30 il qalaqlanmış, ağırlaşaraq özü ilə bərabər yeni-yeni problemlər yaratmış sosial-iqtisadi dəhşətlərin bir çarəsi olmalıdır. Yeni rəhbərliyi konseptual olaraq düşündürən problemlərdən biri bu olmalıdır”.

 

M. Talıblı, həmçinin qeyd edib ki, yeni rəhbərlik qarşısında əlçatan hədəflər qoyulmayıb:

“Məsələn, onlar faktiki olaraq Muxtar Respublikada olmayan 300 min naxçıvanlının qayıdışını təmin edəcək tədbirlər planına malik olmalıdırlar. Bunun üçün maliyyə resursları, investorların cəlbedilməsi, əlverişli biznes təşviqləri, azad iqtisadi zona və s. kimi iqtisad proqramlara malik olmaq vacibdir”. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər