• 20 Sentyabr 2024 21:48

İranın yeni prezidenti: “Mənə işləməyə imkan vermirlər”

 

İran prezidenti Məsud Pezeşkian hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu dilə gətirib. “Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər, ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”, – deyə, Pezeşkian bildirib. 

 

Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.

 

İran prezidenti HƏMAS liderinin ölkədə öldürülməsinə görə hökuməti tənqid edib.

 

O qeyd edib ki, hökumətin ayırdığı pulların hara getdiyi də bəlli deyil. Məlumatı Azad İran yayıb.

 

Musavat.com bildirir ki, Pezeşkian bundan öncə İsraillə müharibəyə də qarşı olduğunu bildirmişdi. O,  ölkənin ali rəhbəri Əli Xameneidən gərginliyi arzuolunmaz müharibəyə çevirməmək üçün İranın İsrailə hər hansı birbaşa hücumunun qarşısını almağı xahiş etmişdi.

 

Pezeşkian xəbərdarlıq edirdi ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı İran iqtisadiyyatını çökdürə və potensial olaraq ölkənin tənəzzülünə səbəb ola bilər.

 

Yada salaq ki, iyulun 6-da İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəldi.

 

Onun prezidentlik dönəminin başlaması ilə İran-İsrail münaqişəsi də gərginləşdi.

 

Səbəb isə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsd hadisəsi oldu.

 

İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində həlak oldu. SEPAH-ın məlumatına görə, Haniyə təxminən 7 kq çəkidə döyüş başlığı olan qısamənzilli mərminin atəşi nəticəsində öldürüldü.

Tacxeber.com

Oxşar xəbərlər