Ukrayna Rusiyanın elə bir rayonuna girib ki… – Vasadze
Gürcü politoloq Gela Vasadzenin Ukraynanın Kursk istiqamətində hücumu ilə bağlı Axar.az-a müsahibəsi:
– Ukrayna ordusu necə oldu ki, Kurska hücum etməyə güc tapdı? Bu bölgənin Ukrayna üçün əhəmiyyəti nədir?
– Ukrayna ordusunun Suca rayon mərkəzinə nəzarəti ələ keçirdiyi artıq göz qabağındadır. Bu, sıradan bir rayon mərkəzi deyil. Sucada qazpaylayıcı stansiya – yəni Avropaya gedən magistral qaz kəməri və dəmir yolu var. Bura rus qoşunlarının Volçanskdakı qrupu üçün təchizat logistikasıdır. Xarkov vilayətində də plasdarm ələ keçirilib. Orada, bildiyimiz kimi, vəziyyət kifayət qədər çətin idi. Ən maraqlısı odur ki, Kurçatovdakı AES-ə birbaşa təhlükə yaranıb. Ukraynanın atom elektrik stansiyasına nəzarəti ələ keçirməyə çalışacağına əmin deyiləm. Amma nəzəri olaraq onların bunu edə biləcəyini fərz etsək, onda nəticə 1:1 olacaq – Zaporojye AES Rusiyanın, Kurçatov AES isə Ukraynanın əlindədir. Bu, Ukrayna və ümumiyyətlə, müharibənin ümumi gedişi üçün yaxşı olardı.
Siyasi nəticələrə gəlincə, onu qeyd etmək olar ki, bu, ruslar üçün tamamilə gözlənilməz oldu. Onlar əmin idilər ki, Rusiya ərazisi toxunulmazdır. Ruslar hələ də onlara qarşı kiminsə döyüşə bilməyəcəyi paradiqmasında yaşayırlar. Onlar özləri döyüşür, siz isə onlarla mübarizə apara bilməzsiniz. Məlum oldu ki, onlara qarşı döyüşmək mümkündür. Ruslar artıq anlayırlar ki, ərazilərinə pilotsuz təyyarələr, raketlər və s. ilə hücum etmək, Rusiya ərazisini ələ keçirmək mümkündür. Çünki bu müharibədir. Və müharibə zamanı sərhədlər yoxdur. Ruslar özləri sərhədləri ləğv etdilər. Beləliklə, gözlənilməzlik, qarşılayın!
– Kurska hücum F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi xəbərindən sonra baş verib. Bu hadisələr arasında hər hansı əlaqə varmı?
– Ukrayna vəziyyətin gərginləşməsindən qorxan Qərb tərəfdaşlarına artıq boylanmayacaq. BMT nümayəndəsinin münaqişənin şiddətlənəcəyinə dair bəyanatından çox təəccübləndim. Deməli, uşaqların öldüyü, uşaq klinikasına raket atılması münaqişənin eskalasiyasi deyil, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması eskalasiyadır? Ümumiyyətlə, beynəlxalq qurumların tam gücsüzlüyü çoxdan sübut olunub, ona görə də buna diqqət yetirməyin mənası yoxdur. F-16-ya gəlincə, istifadə olunub-olunmadığını bilmirəm, amma orada təyyarələr və raketlər uçurdu. Düşünürəm ki, F-16 qırıcılarının təhvil verilməsi ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması arasında əlaqənin olması ehtimalı azdır. Burada daha çox ABŞ-da baş verən prezidentlik yarışı ilə bağlı hadisələrlə əlaqə var. İndi isə Ukraynanın nə köhnə, nə də yeni ABŞ administrasiyasına baxmağının mənası yoxdur. Onlar öz işlərini görməlidirlər və görürlər. Ordu öz işini görür. Və ümid edirəm ki, siyasətçilər onlara qarışmayacaqlar. Çünki fakt faktlığında qalır: Ukraynada baş verən bir çox mənfi hadisələr birbaşa siyasi müdaxilədir.
– Necə bilirsiniz, Ukrayna tutduğu əraziləri əlində saxlaya biləcəkmi?
– Hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Ukrayna Silahlı Qüvvələri ərazini saxlaya bilərmi, onların ərazini tutmaq və ya uğurlarını inkişaf etdirmək planları varmı? – məlum deyil. İndi onlar hələ ki, şimala doğru irəliləyərək uğurlarını möhkəmləndirirlər. Başqa bir şəhəri ələ keçirsələr, bu, Putin rejiminin üzünə bir şillə olacaq.
– Ukrayna ordusunun cəbhədə uğuru sülh danışıqlarına necə təsir edə bilər?