• 24 Noyabr 2024 10:42

Ölkə futbolu Çempionluq yarışından erkən çəkilən “Neftçi”

“Neftçi” mövsüm başlayan kimi çempionluq mübarizəsindən qopana bənzəyir. Cəmi 2 tur arxada qalıb və bakılılar artıq “Qarabağ”dan 4 xal geridədir. Ağdamlılar ikinci heyətlə rəqiblərini darmadağın etdiyi halda, paytaxt klubu meydana buraxmağa 11 nəfəri çətinliklə tapan “Turan Tovuz”la – özü də evdə, bütün heyətini dəyişən “Səbail”lə – paytaxtın digər küncündə xal bölür.

 

Rahat təqvimin də yardımı ilə mövsümə fırtına kimi başlamalı olan komandanın necə futbol oynadığını da anlamaq olmur. Roman Qriqorçuk sanki “Qəbələ”dən tanıdığımız məşqçi deyil. O da “Neftçi” ab-havasına uyğunlaşıb, iş görməkdənsə pul qazanmağa gələnə oxşayır. Tanıdığı bir-iki oyunçunun transferindən nəsə umduğunu iddia etmirik, amma elə müqavilə bağlayıb ki, sabah qovulsa da, təqaüd yaşında ona tam bəs edəcək pulları qazanacaq. “Neftçi” kimi kompensasiya ödəməyə meylli klubda bunu niyə də etməsin? Adrian Mutudan sonra iki məşqçi gəlib, özü daha bir klubdan qovulub, amma rumıniyalı hələ də bizimkilərdən ödəniş alır.

 

Qruqoruçukun işi hələ ki görünmür. Çünki ona çox bərbad miras qalıb. Heyət yaşlı və faydasız futbolçularla o qədər yüklənib ki, nəticələri dəyişmək çətindir. Lakin ukraynalı da eyni yolu gedir. Rafael Quzzo kimi özünü sübut etməmiş, bərbad karyerası olan 29 yaşlı birinin transferinə razılıq veribsə, deməli, o da klubun büdcəsini dağıdan qrupun tələsinə düşüb. Əl-ələ verib Azərbaycanın ən geniş büdcəli klubunu yağmalayırlar.

 

Avrokuboka yollanmamaq yeni komanda qurmağa vaxt qazanmaq baxımından bir şans idi. Ortada heç nə yoxdur. “Turan Tovuz”, “Səbail” kimi məhdud heyətli komandaları yenə bilməyən “Neftçi” iddialılara qarşı nə edəcək? “Qarabağ”la rəqabət aparmaq üçün onun imtina etdiyi Qara Qarayev, Filip Ozobiç, Ramil Şeydayev kimi futbolçuları transfer etmək lazım deyil, ortaya daha fəqrli strategiya qoymaq lazımdır. Ağdamlıları yamsılamaq onların arxasınca sürünmək deməkdir.

 

“Neftçi” azarkeşlərinin səbr kasası daşır. İllərdi aldadılan fanatlar növbəti dəfə məyus olacaqlarının fərqinə varıb. Futbolçular 6 aydan bir dəyişilir, məşqçilər bir-birini əvəzləyir, büdcə artdıqca nəticələr daha da pisləşir. Vəziyyət belədirsə, deməli, dəyişməli olan rəhbərlik, transfer işlərinə cavabdeh olan Kamil Məmmədov və digər idarəçilərdir. Məşqçi əcnəbi, idman direktoru əcnəbi, icraçı direktor əcnəbi – hamısı da fərqli millətin nümayəndəsi… Bu vəziyyətdə futbola baxışın da, düşüncənin də fərqli olması normaldır. “Beynəlmiləl ruh” “Neftçi” ruhundan daha ön plandadırsa, hazırkı nəticələr proqnozlaşdırılmalıydı.

 

Ən pisi odur ki, Müşahidə Şurası, maliyyəni təmin edən SOCAR da hesabat istəmir. Klubda əsas söz sahibi olan Kamil Məmmədovun gətirdiyi bütün legionerlər ya qışda qovulub, ya mövsüm bitən kimi yola salınıb, ya da ehtiyatda qalır. Və bu adam hələ də “Neftçi”ni idarə edir. Maaşı maaş, komisyon haqqı da öz yerində.

 

Deyək ki, növbəti tur avrokubok matçından yorğun çıxacaq “Sabah” məğlub edildi. Məgər bu, “Neftçi”nin düzəlməsi demək olacaq? Bünövrədə bu qədər problem varsa, ucaldılan bina dayana bilməz. Paytaxt klubu sağlam əllərə verilməlidir. Nə qədər ki, klubu şəxsi maraqlarla idarə edirlər, uğurlardan danışmaq yersizdir.

 

“Səbail”lə matçda təsadüfi bir qol “Neftçi”ni qalib də edə bilərdi. Amma bu, yalnız təsadüf olacaqdı, komanda oyunu ilə 3 xala layiq deyildi. Problemlər içində çabalayan, ucuz futbolçulardan keyfiyyət almaq istəyən, klub daxilində çəkişmələrdə olan Şahin Diniyevin “Neftçi”ni büdrətməyə gücü çatdısa, deməli, Qriqorçuka da ümid etməyə dəyməz. Bəlkə də rəqabətin zəifliyindən komandanı müəyyən səviyyəyə gətirəcək, lakin uzunmüddətli uğur qazanmağa qadir komanda qurmaq çətin olacaq.

 

Dünən qələbə qazanan “Araz-Naxçıvan” ilk turdakı darmadağına baxmayaraq, hazırda “Neftçi”dən öndədir. Məğlubyyətlə barışan “Şamaxı” da bakılılardan daha məzmunlu futbol oynayırdı. Oyun varsa, nəticə də gələcək. “Neftçi”də isə məhz oyun yoxdur, ona görə nəticələrin gəlməsi çətin olacaq. Onu əldə etməyin yolunu qoy klubun sponsorları, himayədarları düşünsün. Cenk Sümər, Yens Andersson, Kamil Məmmədov – bu adamların keçmişini vərəqləyənlər onların adının yanında hansısa uğurlu işin olduğunu görə bilməyəcək. Sadə həqiqətləri görmək üçün mürəkkəb düşünməyə gərək yoxdur.

FƏRİD (futbolinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər