• 23 Noyabr 2024 18:21

“Həftəyə 1000 manat niyə ödəyim ki?!” – Deputatlığa namizəd qalmaqal yaratdı

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat, təşviqat prosesi avqustun 9-dan etibarən başlayıb. Proses başlasa da, namizədlərin çoxunun media ilə işləmədiyi müşahidə edilir. Daha dəqiq desək, bir çox namizəd media subyektləri ilə reklam müqaviləsi bağlamır.

 

Axar.az saytının baş redaktoru Anar Niftəliyev Feysbuk səhifəsində paylaşım edərək “Aktiv təbliğat aparan bir namizəd belə yoxdur” deyib.

 

“Onlarla namizədə zəng etmişik – reklam verən yoxdur; Seçki yarışı yoxdur, səs-küy yoxdur, ölkədə mühüm bir seçim olduğunu bildirən heç nə yoxdur. Yoxdur ki yoxdur!” – A. Niftəliyev deyib.

 

AĞ partiya namizədi Kamran Məmmədli isə təbliğat-təşviqat prosesini Tiktok və Yutubda apardığını bildirib:

“Hesabımdan paylaşım edərək 10-100 min arası insana çatıram. Hansısa bir xəbərə heç min baxış gəlməyən sayta həftəlik 1000 manat niyə ödəməliyəm ki?”

 

Hansı tərəf haqlıdır? Namizədlər niyə media subyektləri ilə deyil, sosial şəbəkələr üzərindən təbliğat aparır? Təbliğat üçün sosial şəbəkələr media subyektlərindən daha effektivdir?

 

Globalinfo.az-a danışan seçki texnoloqu Vəli Əlibəyov deyib ki, bu gün əhalinin əksəriyyəti informasiyanı saytlardan və digər media subyektlərindən deyil, sosial şəbəkələrdən alırlar:

“Deputatlığa namizədlərin də sosial şəbəkələrə üz tutmalarının əsas səbəblərindən biri budur.

 

İkinci səbəb, seçki kampaniyası dövrü üçün saytların qoyduğu qiymətlərdir. Sosial şəbəkələrlə işləyənlər gözəl bilirlər ki, saytların istədikləri məbləğin 10 faizini sosial şəbəkə profilində yerləşdirilən postun reklamına sərf etsələr, daha geniş və dəqiq auditoriyaya çıxış əldə etmək olar. Belə olan halda nəyə görə saytlara o qədər büdcə ayırsınlar?!

 

Bəzi namizədlər isə seçki kampaniyasına ümumiyyətlə maliyyə ayırmaq istəmirlər. Onlar nəinki saytlara, heç sosial şəbəkələrdəki reklamlara pul ayırmırlar. Onlar hələ də dərk etmirlər ki, siyasətdə uğur qazanmaq üçün maliyyə məsrəfləri mütləqdir”.

Tacxeber.com

Oxşar xəbərlər