Sabiq məmur siyasətə qayıdır – “Qudalar İttifaqı” yenidən aktivləşəcək?
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov deputatlığa namizədliyini irəli sürməklə yenidən siyasətə qayıtmağa çalışır.
H.Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, bu vəzifəyə 2019-cu ilin aprelində təyin edilib.
Əsədov rektor vəzifəsinə təyin edilənə qədər beş il (2013-2018) kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Etimadı doğrultmadığından o, 2018-ci ilin aprelində nazir vəzifədən azad edilməklə siyasətdən uzaqlaşdırılıb.
H.Əsədovun yenidən siyasətə qayıtmaq istəyi maraqlıdır. Əsədovun hökumətdə vaxtilə yüksək vəzifələr tutan şəxslərlə qohumluq əlaqəsi olub. Həmin şəxslər də işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən uzaqlaşdırılıblar.
H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla və uzun müddət Dövlət Gömrük Komitəsinin sədr müavini olmuş Əsgər Abdullayevlə (2006-2022) qudadır.
Bunlardan başqa Əsədovun əmək və əhalinin sosial müadafiəsi naziri işləmiş Səlim Müslümovla kirvə olduğu da bildirilir. Əsədovun qohumluq əlaqəsində olduğu bütün yüksək vəzifəli şəxslər “pensiya”ya göndərilib. Elə H.Əsədovun özü də yüksək vəzifəyə layiq olmadığından nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Əsədov və yaxınlarının mühüm dövlət vəzifələrindən uzaqlaşdırılmasının əsas səbəbi onların adının ciddi korrupsiya əməllərində çəkilməsi, eləcə də övladlarının özlərini dövlət adamının adına yaraşmayan şəkildə aparması olub.