“Deputat sözü insanları qıcıqlandırır” – Samirə Bağırovadan qalmaqallı açıqlama
Deputatlığa namizəd olanlarla bağlı səs-küylü müzakirələrin ardı-arası kəsilmir. Bildiyiniz kimi, Razi Nurullayevin yataq otağında etdiyi idman hərəkətlərini videoya çəkərək, paylaşması birmənalı qarşılanmayıb. İnsanlar onlarla səmimi ünsiyyət qurmağa çalışan, gündəlik məşğuliyyətlərini cəmiyyətlə bölüşən namizədləri ifrat səmimiyyətdə günahlandırır. Ancaq özündən razı, xalqdan uzaq olan namizədləri də heç bəyənmir.
Sual doğuran məqam budur ki, millət özünə vəkil kimi seçmək istədiyi şəxsdə hansı xüsusiyyətləri axtarır?
Məsələni “Yeni Sabah”a şərh edən psixoloq Samirə Bağırova bildirib ki, ümumiyyətlə bizim millət stereotiplərlə yaşayan bir millətdir:
“Yəni, baş vermiş hadisələrə köklü ideallar əsasında formalaşan münasibət bəslənilir. Bu münasibət adətən zərərli ənənələr və şablonlarla sıx bağlıdır. “İnsanlar tutduğu vəzifəyə uyğun həyat yaşamalıdır” kimi düşüncələr hələ də davam edir. Məsələn, psixoloq, həkim, müəllimə və sairə kimi sahələrdə çalışan peşəkarların həyatında nə isə bir neqativ hadisə baş verirsə, onun tutduğu sahəyə şübhə ilə yanaşılır. Misal üçün, həkim içki içə bilməz, psixoloq boşana bilməz, hakimin ailəsində kriminal hadisə ola bilməz, vəkil ədalətsiz ola bilməz və sairə kimi yanlış stereotiplər beyinlərə yeridilib. Bir insan şəxsi həyatında uğursuzluqlar yaşaya bilər, amma bu o demək deyil ki, o işində peşəkar deyil. Hətta geyimlə bağlı stereotiplər də mövcuddur. Deputat işdən kənarda şortik və ya mini ətək geyinə bilməz. Bu kimi düşüncələr hələ qədimdən davam edir. Guya inkişaf etməkdə olan ölkə olsaq da, psixoloji aspektdən çox geridəyik. Ən az 50 il. Bu da o deməkdir ki, təhsil də geridədir”.