“Zirə”nin qapıçısı: Təhlillərə əsasən ilk 3 penaltini hara vuracaqlarını bilirdim
Təhlillərə əsasən ilk 3 penaltini hara vuracaqlarını bilirdim. Amma son ikisi öz hissiyyatımla bağlıdır.
Bunu jurnalistlərə açıqlamasında “Zirə”nin qapıçısı Tiaqo Silva Bakıda Xorvatiyanın “Osiyek” komandasına penaltilər seriyasında qalib gəldikləri (əsas və əlavə vaxtda 2:2) UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Braziliyalı qolkiper komandası ilə qürur duyduğunu bildirib:
“Yaxşı çempionatı təmsil edən və futbol ölkəsindən gələn bir kollektivə qarşı mübarizə aparıb, layiqli qələbə qazandıq. Bunun üçün xoşbəxtik. Onlar hər həftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar. Amma ümumilikdə nəticədən məmnunuq. Pley-offda “Omoniya” ilə oyunlara köklənməliyik”.
24 yaşlı portuqaliya oyunçu penaltilər seriyasından əvvəl baş məşqçi Rəşad Sadıqovun onunla söhbət etdiyini vurğulayıb:
“Mənə bildirdi ki, “Şerif”lə keçirdiyimiz penaltilər seriyasında o qədər də məmnun qalmayıb. Baş məşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Mən bunu pozitiv qəbul edirəm. Bəlkə də bunun nəticəsidir ki, penaltilər seriyasında uğurlu oldum”.