Niyə M. Rəsulzadə Stalinin təklifini qəbul edib? – Əsas səbəb.
17 avqust 1920-ci il, bolşevik işğalından və Cümhuriyyətin süqutundan sonra bir müddət Lahıcda qeyri-leqal şəraitdə yaşayan Məhəmməd Əmin Rəsulzadə Gürcüstana keçmək istərkən Qaraməryəm kəndi (indi Göyçay rayonunda qəsəbə) yaxınlığında bolşeviklər tərəfindən saxlanılır və Bakıya gətirilərək həbs olunur.
Amma Müsavat başqanı həbsdə çox qalmır. Noyabrda Bakıya gələn İosif Stalin vaxtilə birgə inqilabi fəaliyyət göstərdiyi və bir dəfə özünün gizlənməsinə yardımçı olan Rəsulzadəni azad edir və Moskvaya apararaq rəhbərlik etdiyi Millətlər komissarlığında (nazirliyində) işlə təmin edir.
Çoxları Stalinin bunu dostluq və minnətdarlıq duyğusu ilə etdiyini yazır. Amma zənnimcə hər şey belə bəsit deyil. Doğrudur, həmin dövrdə Stalin hələ sonrakı qaniçən diktator deyildi, amma sentimentallıq hissi ilə də heç zaman fərqlənməyib.
O zaman bolşeviklər hələ idealist dövrlərini yaşayırdılar, dünya inqilabına inanırdılar. İlk növbədə Türkiyə və İranda inqilab baş verəcəyini, kommunistlərin hakimiyyətə gələcəklərini düşünürdülər. Bu ölkələrin (xüsusən də İranın) inqilabçı qüvvələri arasında isə Rəsulzadənin çox böyük nüfuzu vardı. O zaman Bakıda olan İran inqilabçısı Heydər Əmioğlunun “Məhəmməd Əminin başından bir tük əskik olmamalıdır” dediyi məlumdur.
Belə vəziyyətdə Rəsulzadəyə qarşı repressiya İrandakı inqilabçılar arasında Moskvanın nüfuzunu sarsıda bilərdi. Amma başqanı böyük nüfuza malik olduğu Bakıda da saxlamaq olmazdı. Onu Moskvaya aparmaq yeganə çıxış yolu idi və əslində sürgün idi. İdealizm dövrü arxada qaldıqdan sonra Rəsulzadənin də güllələnəcəyi şübhə doğurmurdu.