• 24 Noyabr 2024 13:44

“Dinamo” “Qarabağ”ın keçə bilməyəcəyi bir rəqib deyil”- Mahir Emreli  

Şansları bərabər görürəm. “Dinamo” “Qarabağ”ın keçə bilməyəcəyi bir rəqib deyil. İnanıram ki, təmsilçimiz növbəti mərhələyə adlayacaq. 

 

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.

 

Almaniyanın “Nürnberq” klubuna transfer olunan Zaqreb təmsilçisinin sabiq hücumçusu “Dinamo”nun standart vəziyyətlərdə də təhlükəli komanda olduğunu bildirib: “Qarabağ”ın pley-offda önəm verməli olduğu bəzi məsələlər var. Düzdür, III təsnifat mərhələsində “Ludoqorets”ə (Bolqarıstan) qarşı layiqli mübarizə apardı. Yeddi qol vuraraq inamlı qələbə əldə etdilər. Bəzi anlarda tam olaraq istədikləri oyunu göstərə bilmirdilər. Müəyyən epizodlarda üstünlüyün ağdamlılarda olmasına baxmayaraq, sanki tam kəskinlik yox idi. Bunun nəticəsində iki bəxtsiz qol buraxdılar. “Qarabağ”da bu cür problemlər olur. Xorvatiya təmsilçisinə qarşı matçlarda da buna çox önəm verməlidirlər. Çünki rəqibin çoxsaylı ev tapşırıqları var. Amma topla oyuna və hazırlıq səviyyəsinə baxınca, “Qarabağ”ı favorit göstərmək olar. Komandamızın göstərdiyi futbol bunu bizə deməyə imkan verir. Hamıya bəllidir ki, “Dinamo” da böyük klubdur. Yetərincə avrokubok təcrübəsi var. Onların tək üstünlüyü də məhz budur. “Qarabağ”ın da hər oyunda bir sxemi var. Bütün bunları nəzərə alaraq, maraqlı qarşılaşma olacağını düşünürəm”.

 

2015-2021-ci illərdə “köhlən atlar”ın formasını geyinmiş 27 yaşlı oyunçunun sözlərinə görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqibləri yaxşı təhliletmə bacarığına malikdir: “Bu onun ən yaxşı xüsusiyyətlərindən biridir. Qurban müəllim hər şeyi çox yaxşı görür. Əlbəttə ki, bu klubun üzvləri ilə hələ də yaxşı əlaqələrimiz var. Sağ olsunlar ki, həmişə zəng edib maraqlanırlar. Mən də hər uğurlarına görə onları təbrik etməyə çalışıram. Vaxt tapdıqca bir-birimizlə ünsiyyətdə oluruq. Məndən söhbət əsnasında rəqib haqqında məlumat almaq istəsələr, sözsüz ki, öz fikirlərimi deyə bilərəm. Amma kimin zəif, kimin güclü olduğu oyunda bilinəcək. Düşünürəm ki, rəqibi doğru təhlil edib, zəif və güclü tərəflərini özləri görəcəklər”.

 

Qeyd edək ki, avqustun 20-də Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər