Mehdiyevin gəlini bankdakı payını 77 faizə yüksəltdi
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevanın “Bank BTB”dəki payı 77 faizə yüksəlib.
Qaynarinfo-nun məlumatına görə, 2024-cü ilin martında gerçəkləşən səhmlər üzrə hərracda “Bank BTB” ASC-nin səhmlərini əldə edən səhmdarların adları məlum olub.
Martda hər səhmin 1000 manat qiyməti olmaqla 5000 ədəd səhm buraxılıb və bu da ümumilikdə 5 milyon manat edir. Bankın əsas səhmdarı olan Nigar Mehdiyevanın payı son əməliyyatlardan sonra 74.99 faizdən 76.74 faizə yüksəlib. Belə ki, o, yeni buraxılan səhmlərin 3 837 ədədini əldə edib.
İkinci ən əsas səhmdar Rza Sadiq İsmayıl oğlunun payı 19.01 faizdən 17.68 faizə, üçüncü əsas səhmdar Tükəzban Mahmudova Ağa qızının payı isə 6 faizdən 5.58 faizə düşüb. Hər iki şəxsin yeni əldə etdikləri səhmlər müvafiq olaraq 950 və 300 ədəddir.
Bu barədə ilk məlumatı banker.az saytı yayıb.