• 23 Noyabr 2024 22:54

Avropa Jurnalistlər Federasiyası: COP29 ərəfəsində Azərbaycanda 23 jurnalist həbsdədir.

Azərbaycan hökuməti Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində jurnalistlərə qarşı repressiyaları gücləndirib.

 

Avropa Jurnalistlər Federasiyası (AJF) bəyanat yayaraq beynəlxalq ictimaiyyəti Azərbaycanda haqsız yerə həbsdə olan 23 jurnalist və media işçisini azad etmək üçün Azərbaycan hökumətinə təzyiqləri artırmağa çağırıb.

Bu il COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi Konfransına Azərbaycan ev sahibliyi edir. Tədbir 11-22 noyabr tarixlərində Bakıda baş tutacaq.

 

Avropa Jurnalistlər Federasiyası bu beynəlxalq konfrans ərəfəsində mərkəzi Almaniyanın Bonn şəhərində yerləşən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyini Azərbaycan da daxil olmaqla bütün COP ev sahiblərinin beynəlxalq insan haqlarına əməl etməsinə və bundan jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına senzura tətbiq etmək üçün bəhanə olaraq istifadə edilməsinin qarşısını almağa çağırıb.

 

Bəyanatda qeyd edilib ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platforması Azərbaycanda sırf işini yerinə yetirdiyinə görə həbs edilən jurnalistlərin 23 faktını sənədləşdirib. Onların arasında “Abzas Media”nın altı əməkdaşı – Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova var.

 

Avropa Jurnalistlər Federasiyasının çağırışında bildirilib ki, Azərbaycan hökumətinin repressiv qəzəbi onun hüdudlarından kənarda da özünü göstərib, bunu müstəqil jurnalist Əfqan Sadıqova qarşı Gürcüstanda başlanmış ekstradisiya prosesi nümayiş etdirib.

 

“Biz müstəqil media orqanının 6 jurnalistinin azad edilməsi tələbi ilə başladılan #FreeAbzasJournalists kampaniyasını açıq şəkildə dəstəkləyirik. Eyni zamanda Azərbaycanda haqsız yerə həbs edilən digər 17 media işçisinin də dərhal azadlığa buraxılmasını tələb edirik. Əfqan Sadıqovu azad etmək isə Gürcüstanın üzərinə düşür. COP29-da iştirak edən beynəlxalq nümayəndə heyətləri məhbus jurnalistlərlə həmrəy olduqlarını açıq şəkildə ifadə etməlidirlər. Onlar rejimin repressiyalarına şərik ola bilməzlər”, – Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutyerrez deyib.

 

Bu ilin aprelində Avropa Parlamenti Azərbaycanda “bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını”, “Aİ-nin insan haqları ilə bağlı qlobal sanksiya rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiq edilməsini” tələb edən təcili qətnamə qəbul edib.

 

Avropa Jurnalistlər Federasiyası yayımladığı bəyanatın sonunda qeyd edib ki, artıq sözdən əmələ keçməyin vaxtıdır.

Mənbə: AbzasMedia

Tacxeber.com

Oxşar xəbərlər