Ölkə futboluƏhmədov Qriqorçukun işini bəyənmir: “Qəbələ”də olarkən də eyni problemlər yaranmışdı”
“Neftçi”nin bugünkü uğursuzluğu onun adına layiq deyil, hətta utancverici haldır”. Bu sözləri futbolinfo.az saytına təcrübəli mütəxəssis Tərlan Əhmədov deyib.
Bununla belə, o, çempionat yeni başladığı üçün komandaların tam formalaşmadığını bildirib: “Mövsüm yeni başladığı üçün “Qarabağ”ı çıxmaq şərtilə, komandalar qeyri-stabil çıxış edir. Təxirə salınan oyunlar da var. Buna görə çempionat tam formalaşmayıb. Yerdə qalan komandaların hər biri eyni sistem və səviyyədədir”.
Əhmədovla danışarkən hələ 4-cü turun açılış oyunu baş tutmamışdı: “Bu gün “Səbail” və “Kəpəz” qarşılaşacaq. Hər ikisinin gücləri demək olar, eynidir. Mövsümə uğursuz başlayıblar və turnir cədvəlində də qonşu pillələrdədilər. Lakin bu gün “Səbail”in şansı bir az daha çoxdur. Həm ev sahibi olduğu üçün, həm də transferləri “Kəpəz”ə nisbətən daha üstündür. Məni maraqlandıran əsas məsələ Şahin Diniyevdir. Artıq 3 ildir “Səbail”dədir və demək olar ki, komandanı özü yığıb. Amma yenə də çempionata uğursuz başlayır və elitada qalmaq uğrunda mübarizə aparır. Normal heyət formalaşdıra bilmir. Hər il klubda böyük dəyişikliklər olur. Bu baxımdan da öyrəşiblər ki, uğursuz başlayacaqlar, bir müddət qalib gəlib və təkrar yenə uğursuzluqlara davam edəcəklər. Stabillik olmadığına görə hər il elitada qalıb-qalmayacaqları sualı yaranır. Eyni problemlər artıq bir neçə ildir ki, “Kəpəz”də də yaşanır”.
Xatırladaq ki, matç “Səbail”in 4:0 üstünlüyü ilə başa çatdı.
Tərlan bəy turun digər oyunları haqda da danışıb: “Digər klubların isə hələ tam potensialları açılmayıb. “Neftçi” ümumiyyətlə, sönük futbol oynayır, 3 tura cəmi 2 xalları var. Starta problemlə başlayıblar. Onlarda futbol adına heç bir şey yoxdur. Ümumiyyətlə, baş məşqçinin oyun tərzinin olmadığını desək, daha düzgün olar. Ortada məşqçi işi görünmür. Yeni baş məşqçi, yeni futbolçular, idarə heyətində dəyişikliklər, əcnəbi futbol funksionerləri – bütün bunlara baxmayaraq, uğursuzluqlar davam edir. İllərdir bu problemlər “Neftçi”də yaşanır və bugünə qədər davam edir. Azərbaycandan gedən istər məşqçilər, istərsə də futbolçular qayıtdıqdan sonra uğurlu çıxış etmirlər. Bu baxımdan Kaxaber Sxadadzeni də misal gətirə bilərik. “Qəbələ” “Kəpəz”dən 7 xal geri qalmasına baxmayaraq, Sxadadzeni gəlişindən sonra fərq artıq 20 xalı keçmişdi. Dönüş edib, yaxşı oyun sərgiləyə bilmədi. Son oyunlardakı qələbələr isə rəqiblər belə heçə sayırdı və artıq “Qəbələ” üçün də hər şey formal idi, sadəcə, çıxıb oynayırdılar. Bu gün eyni vəziyyətdə Roman Qriqorçukdur. Yerli futbolçularla prinsip aparır. “Qəbələ”də olarkən də eyni problemlər yaranmışdı. Düşünürəm ki, “Araz-Naxçıvan”la oyunda da “Neftçi”dən ümidverici bir şey gözləməyə dəyməz. Çünki oynadıqları 3 oyunda futbol adına bir şey olmayıb. “Araz-Naxçıvan” artıq bir qələbəsi var və bir oyunları da təxirə salınıb. Yeni yığılmış komandadır və özlərini göstərmək istəyəcəklər. Çox yaxşı heyətə malikdilər. Məncə, düzgün istifadə etsələr, “Neftçi”dən xal ala, hətta qalib gələ bilərlər”.
Əhmədov “Sabah”ın çıxışını da bəyənmir: “Düzdür, “Sabah”ın 1 qələbəsi var, lakin bu qələbə zəif çıxış edən “ağ-qaralar” üzərində qazanılıb. Konfrans Liqası məğlubiyyətindən sonra sanki bir az sönüklük var. Böyük uğur üçün normal iş getmir. Futbolçuların bəzilərinin yüksək nəticəyə töhfə verəcəyinə inanmıram. Yaxşı transferlər olsa, daha yaxşı çıxış edə bilərlər. Amma komanda qarşıdakı oyunlarda “Neftçi” üzərində qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaq”.