Qadınları qeysəriyyə əməliyyatına kim və nə vadar edir? – Qorxunc statistika
Son illər Azərbaycanda qeysəriyyə əməliyyatı “dəb” olub. Bəzən ehtiyac olmadığı halda həkimlər ana olmağa hazırlaşan qadınları bu əməliyyata məcbur edirlər. Bəzən də analar özləri süni doğuşa qərar verirlər.
Bir çox halda isə ana və uşaq həyatını itirir. Bu cür halların baş verməsi ictimaiyyətdə narahatlıq doğurur. Maraqlı olan da odur ki, illər əvvəl qeysəriyyə əməliyyatı yox idi, lakin nənələrimiz, analarımız sağlam şəkildə uşaq dünyaya gətirirdilər.
Bəs süni doğuşun artmasına səbəb nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, süni doğuş əməliyyatı yalnız təbii doğum mümkün olmadığı halda aparılmalıdır.
Onun sözlərinə görə, çanaq kiçik olur, ana bəzi hallarda təbii doğuşu həyata keçirə bilmir və s. Nəticədə qeysəriyyə əməliyatına girir:
“Qeysəriyyə əməliyyatı üçün konkret göstərişlər var. Bu göstərişlər əsaslandırılır, razılıq üçün imza çəkilir və ondan sonra xəstə əməliyyata götürülür. Amma tam səmimi deyim ki, bu gün təbii doğuş etməyin dərdindən süni doğuşa qaçanların sayı az deyil. Bunun səbəbi isə ana olmağa hazırlaşan xanımlar uşaqlıq yollarının genişlənməsi ilə əlaqələndirirlər. Əksər analar məhz bu səbəbdən qeysəriyyə əməliyyatına qaçırlar. Çox vaxt pasient özü həkimi süni doğuşa məcbur edir”.