• 22 Noyabr 2024 07:18

Nataşa Kampuş, 10 yaşında oğurlanan, 8 il ərzində əsir saxlanılan avstriyalı qız.

 

Nataşa 1988-ci ildə Vyanada anadan olub. 5 yaşı olanda valideynləri ayrılıb. 

 

1998-ci il martın 2-də Nataşa məktəbdən qayıtmır. Araşdırma zamanı məlum olur ki, məktəbdə olmayıb. Səhər məktəbə gedərkən yoxa çıxıb.

 

12 yaşlı bir qız Nataşanı iki nəfərin ağ mikroavtobusa basıb apardığını gördüyünü deyir. Amma xilas olandan sonra Nataşa ikinci adamın mövcudluğunu inkar edir.

Polis 776 ağ mikroavtobusu yoxlayır, amma bir dəlil-sübut tapmır. Halbuki yoxlanılanlar arasında Nataşanı oğurlayan şəxsin də avtomobili vardı.

 

Volfqanq Priklopil adlı bu şəxs də Vyana sakini idi, 36 yaşı vardı. Onun evində babasının soyuq müharibə zamanı nüvə müharibəsi ehtimalına görə tikdiyi yeraltı bomba sığınacağı vardı. Nataşanı da 5 kv metr sahəsi olan bu yerdə saxlayır. Otaq səskeçirməz idi və girişi də gizli idi. Amma ventilyasiyası vardı.

 

İlk yarım il ərzində Priklopil qıza otaqdan çıxmağa icazə vermirdi. Sonra evdə gəzməyə, 2005-ci ildən bağa çıxmağa icazə verir. Bir dəfə hətta şəhər ətrafında xizək bazasına aparır. Amma Nataşa nədənsə qaçmağa cəhd göstərmir.

 

Təhsilindən geri qalmaması üçün Priklopil ona dərs vəsaitləri və başqa kitablar alır. Otağını televizor və radio ilə təchiz edir. Sonralar Nataşa əsirliyinin müsbət tərəflərini də qeyd edir: “Pis təsir altına düşmədim, siqaret çəkmədim”. Aralarında seksual münasibətlərin olub-olmaması barədə suallara isə cavab vermir.

 

Ümumiyyətlə, hiss olunur ki, Nataşa böyüdükcə Priklopili öz təsiri altına salmağı bacarır. Getdikcə bu cütlükdə aparıcı olur. Hərçənd, bəzən fiziki zorakılığa da məruz qalır.

Bəzən qaçış haqda söhbət açan Priklopil ona deyir ki, əgər bir gün qaçsa, özünü öldürəcək.

 

2006-cı il avqustun 23-də Nataşa Priklopilin maşınını tozsoranla təmizləyirmiş. Priklopilin telefonuna zəng gəlir və o, tozsoranın səsinə görə bir qədər uzaqlaşır. Nataşa tozsoranı söndürmədən yerə qoyur və qaçmağa başlayır. 200 metr qaçandan sonra bir həyətə girərək pəncərəni doyür, hay verən yaşlı qadına “Mən Nataşa Kampuşam, polisə zəng edin”. Avstriyada isə oğurlanmasından bütün televiziyaların danışdığı, bütün qəzetlərin yazdığı Nataşa Kampuşun adını eşitməyən az adam olardı və üstündən 8 il keçsə də hələ yaddaşlarda idi. Polis Kampuşun dalınca gələrək şöbəyə aparır. 3096 gün çəkən əsirlik sona çatır.

 

Nataşanın şəxsiyyəti bədənindəki çapıq, Proklipilin evindən tapılan pasportu və DNT analizi nəticəsində təsdiqləndi. Priklopil isə qıza verdiyi sözə sadiq qaldı: özünü qatarın altına ataraq intihar etdi. Nataşa bu xəbəri eşidəndə ağlayır.

 

Kampuş sonralar verdiyi müsahibələrində Priklopili birmənalı qara çalarlarla təsvir etmir. Bunu Stokholm sindromu ilə izah edənlərlə isə razılaşmır.

Onun “3096 gün” adlı bioqrafik kitabı 2010-cu ildə çıxdı. 2013-cü ildə eyni adlı film çəkildi.

 

Priklopilin varisi yox idi. Bir vaxtlar əsir saxlanıldığı ev Kampuşun mülkiyyətinə keçdi: pulla aldı, yoxsa dövlət verdi – aydınlaşdıra bilmədim.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər