• 24 Noyabr 2024 02:21

Müharibədə Rusiyanın itkiləri sürətlə artır.

Ukrayna Rusiya aviabazalarına hücumları davam etdirir. 

 

Növbəti hədəf Volqoqrad vilayətinin Oktyabrsk qəsəbəsində yerləşən “Marinovka” hərbi aerodromu olub. Yerli sakinlərin yaydığı videolar hücumun uğurlu alındığını göstərir. Ən azı aerodromda aviabombaların saxlanıldığı sursat anbarında və yanacaq anbarında partlayış baş verdiyi dəqiqdir. Təyyarələrə zərər dəyib-dəymədiyi sonrakı günlərdə peyk fotoları ilə müəyyənləşəcək.

 

Peyk fotoları demişkən, avqustun 14-də Nijnıy Novqoroddakı “Savasleyka” aviabazasına hücum zamanı 1 ədəd MiQ-31 döyüş təyyarəsi və 2 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyi dəqiqləşib. Daha 5 təyyarənin zədə aldığı bildirilir.

 

Rostov vilayətinin Proletarsk rayonunda yerləşən, Rusiyanın Dövlət Ehtiyatları üzrə Federal Agentliyinə məxsus “Qafqaz” kombinatının yanacaq bazası isə 4 gündən çoxdur yanır. Burada hər birində 5 min ton yanacaq olan 74 böyük çən var(dı). Bunların 20-dən çoxu artıq partlayıb. Soyutma-söndürmə çalışmaları dayandırıldığı üçün digər çənlər də qızdıqca partlayır.

 

Kursk əməliyyatına gəldikdə isə vilayətin Qluşkovsk rayonunda, Seym çayının cənub sahilində mövqe tutmuş Rusiya qüvvələrinin logistikası kəsilib. Çay üzərindəki 3 körpü vurulduqdan və quraşdırılan ponton körpülər dağıdıldıqdan sonra çayı ancaq üzərək keçmək mümkündür. Burada təxminən 2 min (bəzi məlumatlara görə 3 min) Rusiya əsgəri faktiki olaraq mühasirə vəziyyətindədir.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər