• 23 Noyabr 2024 05:10

Homoseksuallıq xəstəlik deyil.

Zümrüd Cəlilova

 

Homoseksuallıq bir çox cəmiyyətlərdə qəbuledilməz olmaqla yanaşı bəzi ölkələrdə isə qeyri-qanuni hesab edilir və bəzən də ölüm hökmü ilə cəzalandırılır. Bu, bir çox ölkələrdə qızğın müzakirə mövzusudur və Azərbaycan da bu baxımdan istisna deyil. Uzun çəkən debatlara, elmi araşdırmalara və dünyanın hər yerində milyonlarla insanın insan hüquqları pozuntuları və gender əsaslı ayrı-seçkiliyə qarşı etiraz etməsinə baxmayaraq, bir çoxları hələ də qeyri-heteroseksuallığı təhlükə kimi görüb onu qəbul etməyi və ya başa düşməyi rədd edir. Müxtəlif cinsi oriyentasiyası olan insanların cəmiyyətdən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxarmaq cəhdləri məhdudiyyətlər, toqquşmalar və hətta bəzən şiddətli reaksiyalarla qarşılaşır. Bunlar tez-tez bir çox səviyyələrdə gözardı edilir. Mövzu ilə bağlı davam edən ümumi məlumatsızlıq homoseksuallara və onların da digərləri ilə bərabər hüquqlara malik olmasını tələb edən hərəkatlara qarşı nifrəti alovlandırmağa əlverişli şərait yaradır. Bu, həm də Azərbaycandakı gənc LGBTİQ (lezbiyan, gey, biseksual, transgender/transseksual, interseks (hermafrodit), kuir (sorğulayan)) icmasında intihar cəhdlərinin daha yüksək olması ilə nəticələnir. Ümumi bərabərlik prinsipi Azərbaycan Respublikasının Konstitusiyasında mövcuddur və sonradan qəbul edilmiş xüsusi qanunlarda da öz əksini tapır. Lakin cinsi yönümlülük və gender kimliyi anti-diskriminasiya qanunlarının indiki şərhində əsasən qanun ilə qorunmur.

 

Bu gün Azərbaycanda çoxları homoseksuallığın nə olmasından və homoseksualların nə uğrunda mübarizə apardığından bixəbərdirlər. Bu, təkcə ictimai təzyiq və inkar yox, eyni zamanda mümkün ölümcül nəticələr də hasil edir. Dörd il əvvəl Azərbaycanda Azad LGBT qrupunun sədri, gənc aktivist İsa Şahmarlı özünü göy qurşağı bayrağından asaraq intihar etdi. 23 yanvar 2014-cü ildə BBC Azərbaycanca 20 yaşlı İsanın intiharının arxasındakı səbəbləri öz ailəsindən və cəmiyyətdən gördüyü inkar, ayrı-seçkilik və təzyiqlər olaraq təsvir etdi. Təəssüf ki, İsa yuxarıda sadalanan səbəblərdən dolayı belə ümidsiz tədbir görən nə ilk, nə də yeganə gəncdir.

 

Bunun səbəblərindən biri odur ki, əksəriyyət cins və gender arasındakı fərqləri bilmir, ya da başa düşmək istəmir. Fərdin eynicinsli cinsi oriyentasiyasına və ya cinsi seçiminə təsir edən amillər hələ də Azərbaycandakı psixiatr və psixoloqların əksəriyyəti tərəfindən yaxşı öyrənilməyib və tədqiq edilməyib. Mövzu nə yerli akademiklər, həkimlər və alimlərin, nə də siyasətçilərin marağını cəlb etmir. 2007-ci ildə Dennis van der Vurun ILGA-Europe (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası) və COC (Mədəniyyət və İstirahət Mərkəzi) hesabatı Azərbaycanda LGBTİQ fərdlərini və eynicinsli münasibətlərlə bağlı dərc edilən ilk hesabat idi. Burada göstərilirdi ki, bir çox psixoloqlar homoseksuallıq haqqında kifayət qədər məlumata sahib deyilər. Hesabat 2006-cı ilin yanvar ayındakı missiyadan əvvəl, missiya dövründə və missiyadan sonra müəyyən edilən məlumatlar əsasında hazırlanmışdı. Hesabat həmçinin qeyd edir ki, bir çoxları hətta 1987-cil ildə Amerika Psixiatriya Assossasiyasının (APA) Psixi Pozuntuların Diaqnostikası və Statistikası Əl Kitabından, 1993-cü ildə isə Dünya Səhiyyə Təşkilatının (DST) Xəstəliklərin Beynəlxalq Sinifləndirilməsindən homoseksuallığı sildiyini bilmir. Lakin kimsə həm də iddia edə bilər ki, həmin qurumlar ictimai təzyiqdən, öz tədqiqatlarına qarşı yarana biləcək inamsızlıq və inkarlardan yayınmaq üçün bəzi faktları gizlədə, ya da gözardı edə bilərlər. Cahillik və ya inkar adətən yanlış səbəbdən dolayı skeptik olan ictimai fikirlə üst-üstə düşən şəxsi inanclardan da qaynaqlana bilər. Beləliklə, bu məqalə Azərbaycanda və kənarda homoseksuallara qarşı bəzi yazılmamış, amma geniş yayılmış qərəzli arqumentləri müzakirə edir. Məqalə həmçinin hazırkı mövzu və şəraitin təbiəti ilə bağlı öyrənmək istəyənlərin biliyini yeniləyir. Mən seçilmiş və əhəmiyyətli mövzulara toxunub iddia edirəm ki, gender və homoseksuallıqla bağlı hədsiz dərəcədə sadələşdirilmiş və yekcins ümumiləşdirmələrə qarşı oyaq olmalıyıq.

 

Məqalə dörd bölməyə ayrılıb. Əvvəlcə ilk iki bölmədə ictimai reaksiya məsələsinin olduqca vacib olduğunu vurğulamaq üçün onun LGBTİQ fərdlərinin fiziki, əqli sağlamlığına və rifahına olan mənfi təsirləri barədə məlumat verirəm. Sonra mövzu barədə mövcud olan mənbə, xəbər və beynəlxalq hesabatlara əsaslanaraq Azərbaycanda LGBTİQ icmasının ümumi vəziyyətini təsvir edirəm. Əlavə olaraq, Azərbaycanda vətəndaşların homoseksuallıq barədə nə hiss etdiklərini göstərmək məqsədi ilə bu məqalə üçün nəzərdə tutub 15 sentyabr 2018-ci tarixində sosial mediada paylaşdığım qısa sorğu əsasında hazırlanmış statistik məlumatı göstərirəm. Daha sonra homoseksuallığın nə olduğunu izah edib, iki konsept arasındakı fərqliliyi təqdim edirəm: gender sosial konstruksiya, cins isə bioloji faktor kimi. Bu, maskulinlik və femininlik barədə düşünmək üçün çərçivə müəyyən etmiş olur. Bu iki bölmə əsasən homoseksuallığın təbiət (anadangəlmə), yoxsa tərbiyə (sonradan qazanılan davranış) olması barəsindəki debata fokuslanıb, bu debatda müzakirə edilən bioloji və sosial-mədəni izahları müqayisə edir.

 

Sonuncu iki bölmədə isə homoseksuallara aid edilən cinsi yolla yoluxucu xəstəliklər mövzusundakı ümumi istifadə edilən arqumentləri təkzib edirəm. Azərbaycanda belə arqumentlər homoseksual davranışın və münasibətlərin əxlaqi cəhətdən pis olmasını vurğulamaq məqsədi ilə istifadə edilir. Məqalənin bu hissəsində dünyanın digər yerlərindəki homoseksual münasibətlərə də toxunuram və çoxlarının homoseksual cütlüklərin ailə həyatının əsasını təhdid etdiklərini, ya da edə biləcəklərini iddia etməsinə baxmayaraq, eynicinsli cütlüklərin fəzilətlərini göstərirəm. Ortaq nöqtəyə gələ bilmək üçün sonda homoseksual fərdlərin daşıdıqları “genlər” yenidən istehsal edilmədiyi (yəni homoseksualların dünyaya uşaq gətirmədikləri) halda homoseksuallığın təkamül prosesində necə davamlı olaraq mövcud qala bildiyini və homoseksuallara qarşı şiddətin, nifrətin və rəddin əxlaqi və ya hətta elmi tədqiqatlar nöqteyi-nəzərindən əsaslandırmağın mümkün olub-olmadığını müzakirə edirəm. Burada təqdim etdiyim yanaşmalar alimlərin araşdırdığı, qurduğu və başqalarının hələ təsvir və ya təhlil edə bilmədiyi çoxlu yanaşmalardan sadəcə bir neçəsidir. Azərbaycandakı homoseksuallıq anlayışını tənqid etməkdə məqsədim sahə üzrə qabaqcıl alimlərin tədqiqatları və ideyaları ilə yeni meydana çıxan tənqidçilərin dialoqunu qurmaqdır.

 

Cəmiyyətin Reaksiyasının Ölümcül Nəticələri. Homoseksuallığı Anlamaq

 

2014-cü ilin yanvar ayında intihar etməzdən əvvəl İsa facebook hesabında bir yazı paylaşaraq “hamını” ölümündə ittiham etdi. Orada deyilirdi: “Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil.” İsanın hərəkəti və mesajı istənilən adamı dərhal qəmgin edə bilər, çünki hər kəs bir insanın çoxları tərəfindən öz kimliyinin rədd edilməsindən və sayılmamasından qaynaqlanan əzabı və gündəlik qəmginliyi hiss edə bilər. İnsanlar mütəmadi olaraq məntiqini başa düşmədikləri nifrətə məruz qaldıqda daima ümidsizliyə və kədərə düçar ola bilərlər. Bu, şəxsi məsələyə çevrilir, insanın həyatına təsir edir, təhsilini və əhvalını məhv edir. Sonda insan özünü əlacsız, zəif və insanın öz əlində olmayan ixtiyari bir şeyə məğlub olmuş kimi hiss edir; bu, insanı həqiqətən də mənən sındıra biləcək bir narahatlıq növüdür. Bu, bizə qaradərili insanların dərilərinin rənginə görə ayrı-seçkiliyə məruz qaldığı tarixi dövrün ruhunu xatırladır; bu səni yaxın dövrdə baş vermiş ədalətsizlik barədə düşünməyə sövq edir. Qaradərili insanlar bir müddət əvvələ qədər ayrı-seçkiliyə məruz qalır, istismar edilir və öldürülürdülər. Eyni zamanda, ağdərili və qaradərili insanlar arasında evlilik qadağan idi. Oxuculara sualım budur: qaradərili insanlara münasibətdə olduğu kimi bəlkə tarix təkrar edir?

 

Azərbaycanda bəzi insanlar üçün bu müqayisə qeyri-adi, ya da ziddiyyətli səslənə bilər, amma İsanın dünyanı qınadığı mesajı Martin Lüter Kinqin Birminqem həbsxanasından məktubuna bənzəyir. O, qeyd edirdi ki, “biz qaçılmaz qarşılıqlı əlaqələr şəbəkəsinə yaxalanmışıq, eyni bir taleyə bağlanmışıq, birinə birbaşa təsir edən istənilən şey hər kəsə dolayısı ilə təsir edir.” Mesaj bizim birgə yaşamaqdan başqa yolumuzun olmaması faktını vurğulayır və davranışımızla sözlərimizin ətrafımızdakı insanların həyatına birbaşa və ya dolayı yolla təsir etdiyini qeyd edir. Buna görə də insanlar nəyinsə öz səhvləri olmadığını və ya özümüzü günahkar hiss etməməli olduğumuzu deməyə tələssələr də, insanların reaksiyaları və hökmlərinin başqa bir insanı ölümə sürükləyə bilməsi həyatın reallığıdır ki, bu da insanlıq ideyasına tamamilə ziddir. Bu, dediyimiz ağır bir söz, ya da deyə bilmədiyimiz mənalı bir söz qədər kiçik ola bilər.

 

İntihar həmişə narahatedici, kədərlidir və İsanın hərəkəti əsasən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda LGBTİQ hüquqları barədə debata səbəb oldu. 2017-ci ildə ILGA-Europe Azərbaycanı cəmi 5 faiz xalla Avropada LGBTİQ hüquqlarına görə ən pis ölkə elan etdi. Həmin ilin sentyabr ayında polisin fahişəliklə mübarizəsinin tərkib hissəsi olaraq, Bakının LGBTİQ icmasının ən azı 100 üzvü saxlanıldı. Aktivistlər xəbər verirdilər ki, saxlanılanlar döyülür, sorğuya çəkilir, tibbi müayinəyə məcbur edilir və təhdid edilirdilər. Dövlətin bəyanatına görə saxlanılanların bəzilərində QİÇS, siflis və İİV xəstəlikləri olub. Rəsmi statistik məlumatlar və iddialar tezliklə qarışıq düşdü, çünki məlum oldu ki, QİÇS mərkəzləri saxlanılan şəxslər üzərində tibbi müayinə aparmaqdan imtina ediblər. Cinsi “azlıqlara” qarşı şiddət və ayrı-seçkiliyə etiraz etmək məqsədi ilə 2017-ci ildə Bakıda gey hüquqları aktivistləri tərəfindən kiçik bir yürüş təşkil edildi. Oxşar tədbir Tbilisidə baş tuta bilmədi, əlavə olaraq “Ailə Təmizliyi Günü” adlı dini yürüşlə əvəzləndi. İnsidentin qarşısını almaq üçün birinci yürüş ləğv edildi. 2014-cü ilin yanvarında yazdığı məqaləsində Lomsadze qeyd edir ki, nifrət cinayətləri və nifrət nitqi regionda olduqca geniş yayılıb. Onun da dediyi kimi “Cənubi Qafqazda liberal olmaq nisbi anlayışdır.”

 

Danimarka İnsan Hüquqları İnstitutunun hesabatına görə yerli hüquq və hüquqşünaslar da məsələyə lazimi qədər diqqət ayırmırlar. ILGA-Europe/COC təşkilatının Çölə Atılanlar: Azərbaycanda LGBTİQ Fərdləri (2007) adlı hesabatında Dennis van der Vur qeyd edir ki, Avropa Şurasına üzvlük üçün ön şərt olduğundan 2000-ci ildə eynicinsli cinsi münasibət Azərbaycanda dekriminallaşdırılıb. Lakin kağız üstündəki dekriminalizasiyaya baxmayaraq, ölkədə real vəziyyət fərqlidir və bu qərardan sonra homoseksuallara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və ya azaldılması ilə bağlı heç bir hərəkət/plan qəbul edilməyib. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, qanunla müəyyən edilmiş yaşa çatan hər kəsin (18, istisna hallarda isə qadınlar üçün 17) evlənmək hüququ var. Amma Azərbaycan Ailə Məcəllləsi açıq şəkildə qeyd edir ki, nikah ailə qurmaq üçün bir kişi ilə bir qadın arasındakı könüllü birlikdir.

 

Ölkədə insanların LGBTİQ fərdlərə qarşı olan münasibətini və mövqelərini göstərmək üçün bu məqalədə istifadə etmək məqsədi ilə bir sorğu hazırlayıb paylaşdım. 19-50 yaş aralığında olan iki yüz otuz yeddi (237) insan suallara cavab verdi. Sorğu Azərbaycanda homoseksuallara qarşı müxtəlif münasibətləri göstərmək üçün faydalıdır. Əlavə olaraq, sorğu göstərir ki, gənc qadınlar gənc kişilərlə müqayisədə gey hüquqlarını daha çox müdafiə edirlər.

 

Birinci sual homoseksuallığın nə olduğunu bilib-bilməməklərini soruşur və bu suala respondentlərin 77 faizi müsbət cavab verib. Sonra fərdin homoseksual olmasına hansı faktorların təsir edə biləcəyi ilə bağlı suala isə respondentlər müxtəlif cavab veriblər. Belə ki, 34 faiz deyib ki, homoseksuallar belə doğulublar, digərləri isə bunun anadangəlmə və ətraf mühitin də təsiri ilə mürəkkəb məsələ olduğunu qeyd ediblər. Lakin homoseksuallığı daha yaxşı başa düşmək üçün araşdırmaya vaxt ayırırlarmı sualına yalnız 22 faiz respondent müsbət cavab verib. 72 nəfər deyib ki, homoseksuallığı qəbul edə bilmirlər, amma başqalarının da həyatına müdaxilə etməzlər. Bu növ neytrallıq gördüyüm qədərilə Azərbaycanda insanlar arasında “trend”dir. Bu yolla əksəriyyət inanır ki, bütün yerli əxlaqi qaydaları pozan “digərləri”nə maksimal dərəcədə hörmət göstərir.

 

Azərbaycan cəmiyyətinin mühafizəkar və mövzu üzrə məlumatsız olduğunu nəzərə alsaq, bu yanaşma nə yaxşıdır, nə də pis. Amma bu günkü məcburi heteroseksuallıq konstruksiyasını və homoseksuallığın iyrənc mövzu olması fikrini tənqid etmək lazımdır. Bu yanaşmanın əksinə, 9 respondent iddia etdi ki, homoseksuallıq əxlaqi cəhətdən yanlışdır və ona qarşı tədbir görülməlidir/cəza verilməlidir. Bir neçə insan da öz fikrini bildirdi ki, homoseksuallığı psixoloji problem hesab edirlər və inanırlar ki, homoseksual davranış genetik qüsurdan qaynaqlanır. Müsbət hadisə isə budur ki, 152 respondent razılaşdı ki, müxtəlif növ sevgilər arasında fərq yoxdur. Homoseksual olan sevgi münasibətləri də qanuni və heteroseksual sevgi münasibətləri qədər tərif və/və ya hörmətə layiqdirlər. Onlar homoseksuallığı qəbul edir və inanırlar ki, başqa insanların həyatına müdaxilə etməyə hüquqları yoxdur.

 

Qeyd etmək lazımdır ki, eynicinsli münasibətlər çərçivəsində sevginin xəstəlik olması iddia edilə bilməz. Keçən il Genderin Şərhi dərsimdə bir türk tələbəmin mənə danışdığı hekayəni də burada bölüşmək istərdim. Hekayə uzunmüddətli hərbi xidmətlərinə görə medallarla təltif olunmuş tanınmış bir türk generalı haqqındadır. General “kaminq aut” qərarı verəndən sonra o, kütlə tərəfindən alçaldılır və türk hökuməti tərəfindən işdən azad edilir. Hadisələrdən sonrakı müsahibəsində deyir ki, “çoxlu kişini öldürdüyümə görə təriflənib mükafatlandırıldım, amma birini sevdiyimə görə cəzalandırıldım.” Bütün tələbələr sakit dayandılar və deyilənə heç bir əlavə etmədilər.

 

Son olaraq, tanıdığınız LGBTİQ fərdinin sizin məsələ ilə bağlı fikrinizi dəyişdirdiyinə inanırsınızmı sualına 27.5 faiz respondent müsbət cavab verdi. Sorğu kütlənin, ələlxüsus da müqayisədə mövzuya daha müsbət yanaşan gənc azərbaycanlıların homoseksual davranışla bağlı olan ümumi hisslərini göstərdi. Lakin bu, insanların, xüsusən də homoseksuallıq mövzusunun kurrikuluma salınması, ya da ümumiyyətlə müzakirə edilməsi ideyasına qətiyyən qarşı olan valideynlərin yanaşma və fikirlərinə məhdud bir baxışdır.

 

Henrix Böll Fondunun Azərbaycan LGBTİQ-nun vəziyyəti ilə bağlı 2012-ci ildə keçirdiyi konfransda iştirakçılar qeyd edirdilər ki, gözəllik salonlarından və şou biznesdə feminin görünüşü olan kişilərə qarşı müəyyən dərəcədə tolerantlıq olsa da, homoseksual fərdlər stereotiplərin mövcud olduğu cəmiyyətdə ayrı-seçkilik və rədd ilə qarşılaşaraq boğucu mühitdə yaşamağa məcbur edilirlər.

 

Homoseksuallıq Nədir?

 

Suala cavab verməzdən əvvəl bioloji determinizmi, ya da biologiyanı tale kimi görən baxışı təkzib etmək üçün gender, gender kimliyi, cins və cinsi yönümlülük kimi terminlər arasındakı fərqləri oxucuların diqqətinə çatdırmaqda fayda var.

Erkən gender nəzəriyyəsindən gələn feminist skeptisizm kimlik, imkan və səs (ictimai güc) anlayışlarının vahid və beynəlmiləl qəbul edilməsinə tənqidi yanaşaraq onları korrektə edən əhəmiyyətli rol oynayıb. Feminist alimlər gender və cinsi bir-birindən aydın şəkildə fərqləndirdilər: “Cins” insanlarda qadın və kişinin bioloji (xromosomlar, hormonlar, cinsiyyət orqanları və digər fiziki əlamətlər) xüsusiyyətlərini bildirir. Doğuş zamanı körpənin cinsiyyət orqanları və ya xromosomlarının sayı əsasında onun cinsi təyin edilir. Digər tərəfdən isə “gender” sosial əlamətlər (sosial rollar, xarakteristikalar, mövqelər, davranış və ya kimliklər) əsasında qadın (femininlik) və kişiyə (maskulinlik) aid edilir. Sosial rol dəyişən bir məsələdir və bir çox ictimai faktorlardan asılıdır, cins isə bioloji olaraq verilsə də, müasir əməliyyat metodları ilə dəyişdirilə bilər. Məsələn, transseksuallar özlərini əks cins və gender olaraq gördükləri üçün cinsiyyət orqanlarını dəyişdirirdikləri halda transgenderlər təkcə öz gender kimliklərini dəyişdirirlər və tibbi əməliyyat olunmurlar. Sonuncular mütləq şəkildə olmasa da adətən əks cins kimi geyinir və ona uyğun davranırlar. Maskulinlik və femininliyin uşaqlıqdan gördüyümüz tərbiyənin (sosial münasibətlərin) məhsulu olduğu düşünülür və Haslangerə görə onlar sosial konstruksiyadır.

 

Cinsi yönümlülük insanın romantik, emosional və seksual baxımdan kimə cəzb olunması və ya kimə qarşı hisslər bəsləməsidir. Digər tərəfdən gender kimliyi isə insanın qadın, kişi, transgender, genderkuir və s. olmasıdır və insanın kimdən xoşu gəlməsi ilə müəyən edilmir. Bioloji determinizmə əks olaraq feministlər iddia edirlər ki, davranış və psixoloji fərqliliklərin səbəbləri bioloji yox sosialdır. Məsələn, Simona de Bovuarın məşhur bir ifadəsi var ki, kimsə qadın doğulmur, qadın olur və “ictimai ayrı-seçkilik qadında elə böyük əxlaqi və intellektual təsirlər yaradır ki, onlar təbiətdən gələn təsirlər kimi görünür.”

 

Cinsi yönümlülük bioloji cins (kişi və ya qadın olmaqla əlaqələndirilən anatomik, fizioloji və genetik xüsusiyyətlər), sosial gender rolları (feminin və maskulin davranışı müəyyən edən mədəni normalar) və gender kimliyi (kişi və ya qadın olmaqla əlaqəli psixoloji duyğu, kişilik və ya qadınlığın ətrafa ifadə edilməsi) də daxil olmaqla, cins və seksuallığın komponentlərindən fərqlidir. Gender kimliyi və gender rolları adətən sisgender cinsinin anatomik xüsusiyyətlərinə uyğun gəlir. Məsələn, özünü qadın hesab edən və doğuşdan da qadın olaraq müəyyən edilən insan sisgender qadındır. Transgender fərdlər burada istisnadır, çünki onlar genderlərinin bioloji cinslərindən fərqli olduğunu hiss edirlər. Onların gender kimliyi anatomik və ya xromosomal (genetik) cinsləri ilə üst-üstə düşmür. Transgender fərd heteroseksual, homoseksual və ya biseksual ola bilər. Nəzəri bazası olan bir çox tədqiqatçı razılaşır ki, cinsi yönümlülük və cinsi özünü ifadə bir neçə amilin – anadangəlmə, psixoloji, sosial, mədəni və situativ amillərin qarşılıqlı təsiri ilə əlaqədardır.

 

XIX əsrin sonlarında alman psixoloq Karoli Mariya Benkert “homoseksuallıq” terminini yaratdı. Terminin nisbətən yeni olmasına baxmayaraq, homoseksual davranışlar tarixi mənbələrdən bizə məlum olduğu kimi əksər cəmiyyətlərdə mövcud olub. Homoseksual insanlara aid edilən ən geniş yayılmış terminlər qadınlar üçün lezbiyan, kişilər üçün geydir. Məşhur LGBTİQ+ abreviaturasının açılışı belədir: lezbiyan, gey, biseksual və transgender, həmçinin təzəliklə bura interseks və kuir genderləri də əlavə edilib. LGBTİQ icması öz kimliklərini, birlik, sadiqlik, qürur və birgə dəyərləri göstərmək üçün bəzi simvollar qəbul ediblər. 1974-cü ildə nüfuzlu gey aktivisti Harvi Milk başqa bir açıq gey aktivist Qilbert Beyker ilə görüşəndə, Beykerdən gey icmasının qürurunu təmsil edən bir simvol fikirləşməsini xahiş etdi. Beyker 8 rəngli zolaqdan ibarət bayraq dizayn edib hər bir rəngə bir məna verdi.

 

Göyqurşağı bayrağı indi LGBTİQ qürurunun və sosial hərəkatların simvolu olaraq istifadə edilir.

 

Homoseksual davranış bütün cəmiyyətlərdə müşahidə edilə bilər və hər bir cəmiyyətdə də bu davranışa əxlaqi, həmçinin siyasi cəhətdən fərqli yanaşıla bilər. Homoseksuallıq eyni cinsdən və ya eyni genderdən olan insanların bir-birlərinə qarşı bəslədikləri emosional, romantik və seksual cəzbetmə, ya da seksual davranışının davamlı nümunəsidir. Beləliklə, homoseksuallığın təbiətini başa düşmək üçün əsas iki kateqoriyada elmi izah irəli sürülüb: bioloji və psixoloji. XIX əsrdə homoseksuallığın bioloji əsasının olub-olmaması sualı onun “xəstəlik yoxsa günah” olması və buna görə də ona tolerant davranılıb-davranılmaması ilə bağlı idi. Bu səbəbdən də homoseksuallıq əvvəlcə dəlilik, sonra isə “anadangəlmə anomaliya” hesab edilirdi. XX əsrin əvvəllərində Hirşfeld cinsi yönümlülüyü dəyişməyin mümkün olub-olmadığını və potensial olaraq “müalicə” edilib-edilə bilməyəcəyi məsələsini mübahisələndirən “hormonal dəyişən cins” anlayışını irəli sürdü. Cinsi yönümlülüyün dəyişkənliyi ilə bağlı Hirşfeldin aşkarladığı dəlillər məsələni əxlaqi məsuliyyət mövzusuna çevirərək yenidən onu günahlar siyahısına əlavə etdi və homoseksuallara qarşı müalicənin məcbur tətbiq edilməsi üçün əsaslar yaratdı.

 

Əqli Sağlamlıq və Cinsi Yönümlülük

 

1950-ci ildə psixatriya kitablarında hələ homoseksuallığın əqli qüsur olaraq sinifləndirildiyi vaxtda Evinli Huker homoseksuallarla heteroseksuallar arasındakı əqli fərqlilikləri öyrənməyə qərar verdi. O, heteroseksual və gey şəxslər üçün bir neçə psixoloji testlər hazırladı və ekspertlərdən cavablar əsasında hansı iştirakçının homoseksual olduğunu və onların əqli sağlamlıq dərəcəsini müəyyən etmələrini xahiş etdi. Başqa tədqiqatçıların da sonradan təkrarlamağa davam etdiyi bu eksperiment sübut etdi ki, homoseksuallıq əqli xəstəlik deyil, çünki homoseksual və heteroseksual kişilər arasında mental sağlamlıq baxımından bir fərqlilik müəyyən edilmədi. Tədqiqatın nəticələri tədricən APA-nın homoseksuallığı Psixi Pozuntuların Diaqnostikası və Statistikası Əl Kitabından silməsi ilə nəticələndi.

 

Bunun sübut edilməsinə baxmayaraq, Azərbaycanda və dünyanın digər yerlərində valideynlərin uşaqlarını təcrid etməsi, psixiatriya klinikalarına, dəyişilmə mərkəzlərinə yerləşdirməsi və ya hormonal terapiya ilə cinsi yönümlülüyünü dəyişdirməyə çalışması hekayələrindən də gördüyümüz kimi homoseksualların rədd edilməsi geniş yayılıb. Bir çox LGBTIQ fərdləri gözdən uzaq olmaq və sağ qala bilmək üçün paytaxt şəhərlərə köçürlər. Uşaqlarının və ya bacı-qardaşlarının cinsi yönümlülüyünü öyrənəndən sonra onları döyən ailə üzvlərinin də olması bilinən haldır. Buna görə də bir çoxları cinsi yönümlülüyünün aşkar olmasından qorxur, telefon nömrələrini dəyişdirir, bəziləri ikili həyat yaşayır və adətən cinsi yönümlülüklərini ailələrindən gizlədirlər.

 

Asiya, Avropa, Okeaniya, Cənubi və Şimali Amerikada dəyişmə terapiyalarının əleyhinə qanunlar qəbul edilib, çünki bu növ terapiyaların heç bir elmi sübutu yoxdur. Bunun əksinə olaraq əlimizdə olan məlumatlar göstərir ki, belə terapiyalar insanlara fayda verməkdən çox zərər verib. 2009-cu ildə APA cinsi yönümlülüyü dəyişdirmə cəhdlərini təhlil edərək belə nəticəyə gəldi ki, müvafiq tədqiqatlar kifayət qədər deyil, amma müəyyən edilib ki, “cinsi yönümlülüyü dəyişdirmə cəhdləri bəzi fərdlərdə depressiya və intihar düşüncələri də daxil olmaqla stresə və pisləşən əqli sağlamlığa səbəb ola və ya mövcud vəziyyəti daha da kəskinləşdirə bilər.” Alimlər istənilən cinsi yönümlülük ilə psixopatalogiya arasında daxili bir əlaqə müəyyən etməyiblər. Həm heteroseksual, həm də homoseksual davranış insan seksuallığının normal aspektləridir.

 

Qeyd edim ki, homoseksual yönümlülüyü olan insanlar da heteroseksuallarla eyni səbəblərdən (stres, münasibətlərdəki çətinlik, sosial, ya da iş həyatındakı problemlər və s.) psixoloq yanına gedə bilərlər; onların cinsi yönümlülüyü maraqlandıqları məsələlərdə və müalicələrində əsas, ikinci dərəcəli və ya ümumiyyətlə əhəmiyyətsiz ola bilər.

 

Homoseksuallığın təbiətini tədqiq edən elmi araşdırmalar arasında bir çoxları genlərin və hormonal faktorların mümkün təsirinə fokuslanıb. Monoziqotik (tək yumurta) əkizlər arasında homoseksuallıq ehtimalının çox olması və ailədə homoseksuallığın irsi olaraq mövcud olması nəticəsinə gələn eksperimentlər bioloji modeli dəstəkləyir. Bəzi dəlillər göstərir ki, prenatal (doğuşdan əvvəlki) androgenlərə məruz qalma cinsi yönümlülüyün inkişafına təsir edir, amma postnatal (doğuşdan sonrakı) cins steroidlərinin cəmlənməsi cinsi yönümlülükdən asılı olaraq dəyişkənlik göstərmir. Santa Barbara, Kaliforniya Universitetindən Uilliam Rays hesab edir ki, “qadın fetuslarındakı epimark onlarda testestorana qarşı daha az həssaslıq yaradır. Adətən bu qadın fetuslarında irsi keçmir (amma bəzən irsi keçir) və oğlanlarda eynicinsli münasibətin yaranmasına gətirib çıxardır.” Bəzi tədqiqatlar gey kişilər ilə heteroseksual qadınlar və lezbiyan qadınlar ilə heteroseksual kişilər arasında neyroanatomik fərqliliklər tapıblar. London Kral Kollecinin Psixiatriya İnstitutunun akademiki Dr. Qazi Rəhman qeyd edir ki, orta hesabla gey kişilər mütəmadi beyin reaksiyalarında daha “qadın tipli,” lezbiyanlar isə haradasa daha “kişi tipli” olurlar. Beyin quruluşunda fərqlilik onların psixologiyalarında da fərqliliyin olması deməkdir. Buna görə də Rəhman iddia edir ki, gey fərqlilikləri təkcə bizim kimi seçməyimiz deyil, bu fərqliliklər bizim psixologiyamızda və başqaları ilə olan münasibətimlərimizdə də özünü əks etdirir.

 

Bəzi cinsi arzuların bioloji izahının əksinə olaraq sosial konstruktivist yanaşmanın tərəfdarları iddia edirlər ki, bu məsələdə sosial şərait hələ də əsas rolu oynayır. Bu yanaşmanın müdafiəçiləri Mişel Fukonun Seksuallığın Tarixi kitabındakı ideyalardan təsirləniblər. Fuko tarix boyu insanların davranış və həyatlarına təsir edən sosial şəraitdən və diskursdan yazır. Öz əsərində o, müzakirələr ilə insanların fərqli seksuallıq formalarının necə yarandığını izah edir. O, insan seksuallığının bioloji əsasının danışdığımız dil tərəfindən necə formalaşdırıldığını göstərir. Belə ki, “seksuallığa” sahib olmaq XVIII əsrdən əvvəl mövcud olmayıb. Blumşteyn və Şvartz iddia edir ki, bizim kişi, ya da qadın seksual partnyora üstünlük verməyimiz seksuallığın mədəni olaraq necə başa düşülməsindən qaynaqlanır. Mədəni faktora tarixi misallardan biri kişilərin homoseksuallığı mövzusunda ən açıq cəmiyyətlərdən biri hesab edilən Qədim Yunanıstandır. Bu hərəkətlər “ən tərifə layiq və ya ilahi sevgi forması” idi. XX əsrin 70-80-ci illərində tədqiqatçılar “biseksual,” “gey” və “heteroseksual” cütlüklər arasında iki böyük araşdırma aparıb belə nəticəyə gəldilər ki, seksual cəzbedilmə dəyişkəndir və müəyyən (dəqiq) deyil; seksuallıq sosiallaşma və özünüifadənin məhsuludur. Əlavə olaraq, onlar müəyyən etdilər ki, xüsusi cinsi yönümlülükləri olan insanlar belə həyatları boyu bəzən eynicinsli partnyorlarının olduğunu qeyd ediblər.

 

Sosial konstruksionist Qərb mədəniyyətindən başqa digər mədəniyyətləri təsvir edərək göstərir ki, seksuallıq mədəni olaraq müəyyən edilir və nadirdir; mədəniyyətlər qədər çoxlu seksuallıq formaları var. Maraqlıdır ki, sosial konstruksionistlər biomedik nəzəriyyəçilərin seksual cəzbetmədə bioloji faktorların olması iddiasını inkar etmirlər, amma vurğulayırlar ki, seksual cəzbetmənin bioloji olmasından asılı olmayaraq, seksual istəklər və davranışlar mədəniyyətdən asılı olaraq dəyişə bilər. Tədqiqat həm də göstərir ki, homoseksual davranış 1500 heyvan növündə müşahidə edilib. Onlar arasında ayılar, meymunlar və hətta balıqlar da var. Bu müşahidələr həm də göstərir ki, homoseksuallıq bioloji məsələdir. BBC Earth kanalında Melissa Hogenbum heyvanlar arasında müxtəlif növ homoseksual davranış və münasibətləri təsvir edib göstərir ki, heyvanlar da homoseksual davranışlar sərgiləyirlər. Lakin o, həm də yazır ki, onların həqiqətən və yalnız homoseksual olub-olmaması başqa məsələdir. Başqa bir faktı da deyim ki, heyvanların davranışı ilə bağlı araşdırmalar Texas ştatında homoseksuallıqla bağlı qanunun ləğv edilməsinə kömək etdi. Lakin yenə də alimlər diqqətimizə çatdırırlar ki, insan seksuallığı olduqca fərqli ola bilər.

 

Heteroseksual yönümlülüyünün təkamül nöqteyi-nəzərdən üstünlükləri ola bilər, amma özünüzə heç “dünyaya daha çox uşaq gətirməyə ehtiyac varmı” sualını vermisiniz? Demirəm ki, insanlar dünyaya daha uşaq gətirməməlidirlər, amma demək istədiyim odur ki, niyə insanlar inanırlar ki, ətrafdakı hər kəs dünyaya uşaq gətirməlidir? Hazırda dünyada 7,645 milyard insan var. Oxşar olaraq, Kanadanın Letbric Universitetindən Pol Vesi homoseksuallıq xüsusiyyəti olan insanların dünyaya yeni uşaq gətirmədiyini nəzərə alsaq, onda təkamül prosesi boyu homoseksuallığın nəyə görə aradan çıxmadığını, itirilmədiyini araşdırır. Alimlər hələ də bu qəliz suala cavab tapa bilmirlər, lakin kişi homoseksuallığı üzərində aparılan tədqiqatlar əsasında bir neçə nəzəriyyə bu məsələni izah etməyə çalışır. Lezbiyan münasibətlərin təkamülü isə müqayisədə kişi homoseksuallığı ilə oxşar və ya tamamilə fərqli yolu keçə bilər.

 

Bioloji tədqiqatlar qadın seksuallığı ilə bağlı adekvat nəticəyə gələ bilməyib. 2006-cı ildə Linda Qarnets və Anne Peplau aşkar etdilər ki, qadınların cinsi yönümlülüyü adətən sabit yox, dəyişkən olur; bu, onların sosial və mədəni təcrübələri, təhsil, sosial status və güc, iqtisadi imkanlar və qadınların roluna dair yanaşmalar kimi faktorların təsiri ilə formalaşıb. Kitzinger və Uilkinson birgə tədqiqatlarında həm heteroseksual, həm də homoseksual təcrübəsi olan qadınlar barədə bu yanaşmanı təklif edir. Onlar əksəriyyəti əvvəllər evli olan, ən azı 10 il heteroseksual davranışdan sonra lezbiyan münasibətləri yaşayan 80 qadından müsahibə götürüblər. Tədqiqatçılar qeyd edirlər ki, keçid, sərbəst qəbul edilmiş qərar, müsahibəçilər üçün ağlabatan idi.

 

Bu uzunmüddətli debatı belə tamamlaya bilərik ki, alimlər seksuallığın necə inkişaf etdiyini və bəzi insanların nəyə görə başqaları ilə müqayisədə fərqli seksual arzularının olmasını dəqiqliklə izah edə bilmirlər. İnsanlarda müxtəlif vaxtlarda və yaşlarda bu, özünü biruzə verir. Həmçinin yadda saxlamaqda fayda var ki, qadınlar və kişilər üçün seksuallıq ilə cinsi yönümlülüyün mənası əhəmiyyətli dərəcədə fərqlidir. Bioloji mübahisədən əlavə, valideynlərin uşaqları anormal yetişdirməsinin, cinsi istismarın, ya da digər zərərli həyat təcrübəsinin cinsi yönümlülüyə təsir etməsinə dair də heç bir elmi sübut yoxdur. Hazırda əlimizdə olan məlumatlar göstərir ki, cinsi yönümlülük erkən uşaqlıq dövründə müəyyənləşir. Ən açıq riskli şeylərdən biri xüsusilə də uşaqlarda aparılan genetik testdir. Genetikanın eynicinsli yönümlülüyə olan orta dərəcəli töhfəsini nəzərə alsaq, heç bir genetik test uşağın böyüyəndə gey olub-olmayacağını etibarlı şəkildə proqnozlaşdıra bilməz. Araşdırma həmçinin belə bir nəticəyə gəlir ki, yetkin əhalinin təxmini 3-10 faizi gey, ya da lezbiyan və yəqin çox böyük hissəsi isə biseksualdır. İnsanlarda homseksuallığın genetikası ilə bağlı olan bu vaxta qədərki tədqiqatlar çaşdırıcıdır; ya bir-biri ilə ziddiyyətli, ya da homoseksuallığın mövcudluğunda genetik əsaslara güclü, aydın dəlillər tapmadıqları üçün qeyri-müəyyən olurlar. Gey Doğulmaq: Cinsi Yönümlülüyün Psixobiologiyası kitabının həmmüəllifi Qazi Rəhman hesab edir ki, seksuallıq özündə onlarla, bəlkə də yüzlərlə allel ehtiva edir və onların öyrənilməsi üçün yəqin ki onilliklərə ehtiyac olacaq.[li] Biologiya bizim seksual və genderləşdirilmiş həyatımızda rol oynayır, bu fərqliliklər və müxtəliflik isə sözsüz ki alqışlanmalıdır.

 

Bu arqumentlərin məqsədi biologiyanın insan seksuallığı ilə heç bir əlaqəsinin olmadığını göstərmək deyil. Hər ikisi də bir-biri ilə qaçınılmaz olaraq kəsişirlər. Bioloji faktorların cinsi kimlik, davranış və ya yönümlülüyə dərhal, birbaşa təsirinin olması iddiası hələ də isbat edilməyib.

 

Homoseksuallar Həqiqətən də İİV Xəstəliyini Yayır və İnsanları QİÇS-ə Yoluxdururlarmı?

 

Gey kişilərin icmasında İİV-lə bağlı stiqma geniş yayılıb. İİV, yəni İnsanın İmmunçatışmazlığı Virusu (HIV – Human Immunodeficiency Virus), QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə səbəb olur və insanlar inanırlar ki, bu, yalnız homoseksual kişilər tərəfindən gey kişilər və narkotik maddə istifadəçiləri arasında yayılır. Lakin QİÇS hər iki genderdən və bütün fərqli həyat tərzi olan insanlara təsir edir. Təəssüf ki, Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər statistik məlumat yoxdur, buna görə də ABŞ-da həyata keçirilmiş tədqiqatlara istinad verirəm. Bizim Səsimiz: Qadın Psixologiyası kitabında Elizabet Rayder yazır ki, ABŞ-da təxmini hər 800 qadından birində QİÇS var.[lii] O, göstərir ki, qadınlardakı QİÇS hallarının təxmini 40 faizi heteroseksual cinsi münasibət nəticəsində yoluxub. Həmçinin əlavə edir ki, bu, adətən kişilərdən qadınlara yoluxur və yalnız 2 faiz hallarda bunun əksi müşahidə edilir. QİÇS hallarının geri qalanı infeksiyalı iynə və şprislər vasitəsilə yoluxulur. Sirr deyil ki, bəzi gey və biseksual kişilər prezervativ və ya QİÇS-in qarşısını alan, müalicə edən dərmanlar istifadə etmədikləri üçün cinsi əlaqədə olarkən QİÇS-ə yoluxurlar. Stiqma, homofobiya və ayrı-seçkilik bütün irqi və etnik qruplardan olan gey və biseksual kişiləri bir çox sağlamlıq problemləri ilə üz-üzə qoyur və onların keyfiyyətli tibbi xidmət almasından asılı olmayaraq onlara təsir edir. 2016-cı ildə ABŞ və ona bağlı 6 ərazidəki İİV diaqnozları göstərir ki, 40 324 halda 26 844-ü (67%) gey və biseksual kişilər arasında müşahidə edilib. Geriyə qalan 13 480 (33%) halları vurğulamaq istərdim, çünki bunları insanlar gözardına vuraraq inanırlar ki, İİV yalnız geylər arasında yayılır. Buradakı məqsədim budur ki, İİV və cinsi yolla yoluxan digər xəstəliklər həm homoseksual, həm də heteroseksual münasibətlərdə geniş yayılıb. İnfeksiyalardan ən yaxşı qorunma yolu cinsi münasibət zamanı prezervativlərdən istifadə etmək və çirkli iynələrdən istifadə etməməkdir.

 

Vurğulamaqda fayda var ki, Azərbaycandakı seksuallıq və İİV/QİÇS-lə bağlı böyük tabu ölkədə İİV-in yayılması ilə bağlı məlumat çatışmazlığına töhfə verib, həmçinin infeksiyaya yoluxan insanların müvafiq tibb mərkəzlərinə xəbərdarlıq verməsinə, ya da onlardan mübarizə və infeksiyanın qarşısını almaq üçün kömək istəməsinə maneə yaradıb. Dennis van der Vur 2007-ci ildəki hesabatında qeyd edir ki, bəzi təşkilatlar müxtəlif icmaları və ümumi əhalini hədəf alaraq “daha təhlükəsiz seks” materialları istehsal ediblər, lakin Vurun missiyası xüsusi olaraq LGBTİQ icmasını hədəf alan “daha təhlükəsiz seks”lə bağlı informasiyaya rast gəlməyib. Vur göstərir ki, Azərbaycandakı İİV/QİÇS-lə bağlı 2006-cı ilin yanvar ayına olan rəsmi statistika belədir: İİV diaqnozu qoyulan 928 qeydə alınmış şəxs var. Onlardan 100-ü ölüb, 108 nəfərdə QİÇS inkişaf edib və 720 nəfərdə isə İİV var. Hesabatda həmçinin göstərilir ki, qeydə alınmış hallar ümumi yoluxma hallarının 10 faizini təşkil edir; İİV və QİÇS-ə yoluxan insanları təmsil edən təşkilatın mətbuat katibi isə deyir ki, həqiqi rəqəmlər rəsmi statistikada göstəriləndən təxmini 30 dəfə çoxdur. İİV-ə yoluxma daha çox narkotik maddələrin (iynə ilə) qəbulu (47%) və prezervativsiz heteroseksual seks (26%) vasitəsi ilə baş verir.

 

Əlavə olaraq, Azərbaycanda şəxsən tanış olduğum bir çox adam səhv olaraq belə bir ümumiləşdirilmiş fikrə inanır ki, LGBTİQ fərdləri əxlaqsızdırlar və həmişə seks işçisi olurlar. Lakin bunu da nəzərə almaq lazımdır ki, seks işçiləri arasında müxtəlif cinsi yönümlülüyü olan adamların olduğunu da heç kim inkar etmir. Həmçinin qeyd etməkdə fayda var ki, bəzən ictimai təzyiq və stiqma ucbatından pul qazanıb yaşayışlarını təmin etmək üçün insanlar məcburən seks işçisi olurlar. Eyni hesabat üçün götürdüyü müsahibəsində Nəfəs qrupundan olan aktivist Gülnarə Mehdiyeva qeyd edir ki, “biz (aktivistlər) Azərbaycanda seks işçiləri arasında çoxlu transgender fərdlərin olduğunu inkar etmirik. Lakin onlar çox vaxt məcbur qalıb bu yolu seçirlər.” Mehdiyeva həm də vurğulayır ki, LGBTİQ fərdləri tez-tez əmək bazarındakı digər sektorlardan kənarlaşdırılırlar. Həqiqətən də bir çox insan gender kimliklərinə görə iş imkanlarından məhrum edilirlər və sakit qalmağa məcbur qalırlar. Azərbaycanda işləyən, ya da iş axtaran LGBTİQ fərdlərinin əksəriyyəti işverənlərin qərəzli olmasından yayınmaq üçün öz cinsi yönümlülüklərini və ya gender kimliklərini gizləyirlər. Bu məsələ işçilərə qarşı olan ayrı-seçkilik barədə ciddi suallar doğurur və bunu aradan qaldırmaq üçün yeni qanunların qəbuluna ehtiyac var. İşləyən hər dörd LGBTİQ fərdindən biri son beş ildə işdə ayrı-seçkiliyə məruz qaldığını deyir və sonuncu ildə işləyən, ya da iş üçün müraciət edən transgender fərdlərin dörddə birindən çoxu gender kimliklərinə görə işdən çıxarıldıqlarını, işə götürülmədiklərini, ya da daha yaxşı vəzifədən məhrum edildiklərini deyirlər.

 

Homoseksuallar “İdeallaşdırılmış Ailə” üçün Təhlükədirlər?

 

Homoseksual münasibətlərin ailə həyatının köklərinə təhlükə olması və “insanın mənliyini” məhv etməsinə dair güclü inam var. Lakin “normal” deyilən ailələrdə yaşayıb əziyyət çəkən çoxlu uşaqlar var və milyonlarla uşaq kimsəsizlər evlərində yaşayırlar. Təəssüf ki, kimsəsizlər evlərindəki uşaqların çoxu tamam səssizlik içində böyüyürlər. Nə yatmazdan əvvəl hekayələr, nə qucaqlama, nə valideynlərin hər şeyin yaxşı olacağına dair verdiyi güvən – sağlam ailədə böyüyən uşaqların gündəlik həyatındakı gülüş və sevincin heç biri. Bacı-qardaşlar və əlil uşaqlar üçün daimi evlər tapmaq da olduqca çətindir. Bəzi ölkələrdə eynicinsli nikah qanuniləşəndən sonra homoseksual cütlüklər çətin şərtlərə baxmayaraq uşaqların qayğısına qalmağa daha çox həvəs göstərməyə başladılar. Təqdim etmək istədiyim belə cütlüklərdən biri Qerri və Kayl Ratklifdir. Onlara xüsusi qayğıya ehtiyac duyan dörd uşağı övladlığa götürüb onlara daha yaxşı həyat imkanı verdikləri üçün “super qəhramanlar” deyirlər. Nok Noulz və DIY SOS (Birləşmiş Krallıqda bir televiziya proqramı) komandasının köməyi ilə onların evi yenidən tikildi və serebral palsisi olan 13 yaşlı Haydın, daun sindromu olan 11 yaşlı Bella, ciddi epilepsiya xəstəliyi, görmə qüsuru və serebral palsisi olan 6 yaşlı Kurtis və post-travmatik stressdən əziyyət çəkən 6 yaşlı Foibinin gəlməsi üçün ev hazır vəziyyətə gətirildi. Birləşmiş Krallıqda yüzdən çox könüllü bu uşaqların qayğısına qalan cütlüyə kömək etmək üçün bir araya gəldi və valideynlərin uşaqlarını evdə nə etdiyini görə bilməsi üçün kameralarla təchiz edilmiş, tibbi texnologiyası olan bir ev tikdilər.

 

New Family Social qrupunun icraçı direktoru Tor Doçerti 2013-cü ildə Kembric Universiteti tərəfindən dərc edilən olduqca əhəmiyyətli tədqiqatında LGBTİQ fərdlərin övladlığa uşaq götürməsi ətrafındakı təşviqedici məsələlərə və buna olan dəlillərə işarə edərək qeyd edir ki, eynicinsli cütlüklər tərəfindən övladlığa götürülən uşaqlar heteroseksual cütlüklərin böyütdüyü uşaqlar qədər yaxşı böyüyürlər. APA inanır ki, eynicinsli cütlüklərə evlilik və onun gətirdiyi üstünlüklər, hüquqlar və imtiyazlara çıxış üçün hüquqi çıxış verməmək ədalətsizlik və ayrı-seçkilikdir. Əlavə olaraq, “Cinsi Oriyentasiya, Valideynlər və Uşaqlar haqqında qətnamə”sində APA qəbul edir ki, “valideynliyin effektivliyinin valideynlərin cinsi yönümlülüyü ilə əlaqəli olmasına dair heç bir elmi sübut yoxdur; lezbiyan və gey valideynlər də heteroseksual valideynlər kimi öz uşaqları üçün yaxşı və sağlam mühit yaradırlar.”

 

Nəticə

 

Son olaraq oxuculara dünyada dəyişən gender münasibətlərini və LGBTİQ fərdləri haqqında tədqiqatları, həmçinin onların müxtəlif icmalarda cəmiyyətə uğurlu inteqrasiyasını xatırlatmaq istərdim. Bəzi hüquqlar uğrunda mübarizə ağrılı olsa və davam etsə də, alimlər arasında hələ də homoseksuallığın köklərinə dair bioloji və sosial izah modelləri arasındakı debat yekunlaşmasa da, bir şey artıq məlum olub: heç bir cinsi yönümlülük ilə psixopatalogiya arasında hansısa bir daxili əlaqə yoxdur. Lakin xatırlamaqda fayda var ki, inkarlara, şiddətə və nifrətə heç vaxt əxlaqi və ya elmi tədqiqat nöqteyi-nəzərindən haqq qazandırmaq olmaz. Əlavə olaraq, homoseksual fərdlərin daşıdıqları “genlər” yenidən istehsal edilmədiyi (yəni homoseksualların dünyaya uşaq gətirmədikləri) halda homoseksuallığın təkamül prosesində necə davamlı olaraq mövcud qala bildiyi məsələsini mübahisələndirmək başqa bir müzakirənin mövzusudur. Seçmə və subyektiv “normalar” insanların gündəlik həyatını təhdid etməməlidir. Biz həmişə məsələləri müəyyən zaman çərçivəsində hakim olan və ya sosial, siyasi və şəxsi maraqlarımızla üst-üstə düşən, qaçınılmaz olaraq bu və ya digər yolla subyektiv olan nötqeyi-nəzərdən “görürük.” Buna görə də inanıram ki, təbiət, yoxsa tərbiyə debatı təkrar olunan ziddiyyətli nümunələrdən ortaya çıxan fərqlilikləri vurğulamaq baxımından faydalıdır.

 

Homoseksuallığın təbiəti ilə bağlı debatlara dair mənim bu yığcam toplum və analizim təklif edir ki, mövzu ilə bağlı yerli alimlərin, psixoloqların, siyasətçilərin və ümumilikdə cəmiyyətin diqqətini özünə cəlb edən mürəkkəb və müxtəlif dialoqlara ehtiyac var. Bir çox sui-qəsd cəhdləri, ölüm və LGBTİQ fərdlərinin təqibi hallarının qeydə alındığı Azərbaycanda vəziyyət gərgindir. Texnologiya təkmilləşdirilsə də, iqtisadiyyat yenidən qurulsa da, homoseksuallığın kökləri ilə bağlı izahedici modellər daha da inkişaf etsə də, ölkədəki əxlaqla bağlı qarışıq məsələlər və repressiya siyasəti çox az dəyişib. Bu dəyərlərə və praktikaya qarşı çıxmaq üçün siyasət və proqram səviyyəsində icmalarla işləmək, sosial ədalət uğrunda qurulmuş əməkdaşlıq və hərəkatlarda gender bərabərliyi məqsədlərinin ayrılmaz hissəsi olan dəyişikliklər üçün seçiciləri səfərbər etmək lazımdır.

 

Bir çoxları başa düşmədikləri şeylərə nifrət etməyə meyillidirlər, ya da nifrət etdikləri şeyləri başa düşmürlər. Nifrət bizim nəyisə başa düşməyimizə maneə yaradır, çünki öyrənmək istədiyimiz şeyi necə görəcəyimizi emosiyalarımız müəyyən edir. Lakin daha obyektiv olduqda nəyisə başa düşmək də mümkün ola bilər. Yazımı daha emosional tonda bitirmək üçün Çarli Çaplinə müraciət etmək istəyirəm: “Hamımız bir-birimizə kömək etmək istəyirik. İnsanlar belədirlər. Bir-birimizin kədəri ilə yox, xoşbəxtliyi ilə yaşamaq istəyirik. Bir-birimizə nifrət edib iyrənmək istəmirik. Bu dünyada hər kəsə yer var. Və bu yaxşı dünya zəngindir və hər kəsi təmin edə bilər.”

Tacxeber.com

Oxşar xəbərlər