ABŞ və Avropanın 8 nəhəngi 750 milyard dollarlıq sifariş alıb
ABŞ və Avropa İttifaqının 8 iri hərbi-sənaye kompleksi korporasiyası 2023-cü ildə silah və sursat istehsalı üçün təxminən 750 milyard dollarlıq sifarişlər alıb. Bu, hərbi sənaye tarixində ən yüksək səviyyədir.
Bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” öz hesablamalarına və beynəlxalq tədqiqat mərkəzlərinin məlumatlarına istinadən yazır.
ABŞ və Aİ hərbi-sənaye kompleksinin 8 ən böyük korporasiyası, sifarişlərin rekord artımına cavab olaraq, 2024-cü ildə istehsalın genişləndirilməsinə 10,5 milyard dollar sərmayə qoyacaq. Bu, həm də tarixdə ən yüksək səviyyədir. Belə investisiyaların həcmi 2019-cu illə müqayisədə 30 faiz, 2023-cü illə müqayisədə isə 8 faiz çoxdur. Qəzet silah istehsalının artırılmasını Qərb ölkələrindən Ukraynaya hərbi təchizatla, eləcə də Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqələndirir.
Amerikanın “Lockheed Martin” korporasiyası 2027-ci ilə qədər “Patriot PAC-3” raket əleyhinə müdafiə sistemləri üçün döyüş sursatlarının istehsalını 30 faizdən çox artırmaq, onların sayını ildə 650-yə çatdırmaq niyyətindədir. 2025-ci ildə HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün raketlərin istehsalı 30 faizdən çox artacaq. Böyük Britaniyanın hərbi-sənaye korporasiyası “BAE Systems”, nəşrə görə, 155 mm-lik haubitsaların istehsal gücünü 8 dəfə artırmağı planlaşdırır.